"Qarabağ"ın qapıçısı Mateuş Koxalski İngiltərə Premyer Liqası klublarına transfer olunmaq arzusunu gizlətməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 25 yaşlı qolkiper İngiltərədə "Nyukasl"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra "The Sun" nəşrinə açıqlamasında bildirib.
Bakıdakı ilk qarşılaşmada 1:6 hesablı məğlubiyyətə baxmayaraq, Koxalski 8 seyv etməklə diqqət çəkib. Səfərdə 2:3 hesabı ilə uduzduqları cavab görüşündə isə o, daha 5 zərbənin qarşısını alıb. Ümumilikdə iki matçda 9 top buraxmasına baxmayaraq, "Qarabağ"ın qapıçısının fərdi performansı yüksək qiymətləndirilib.
Polşalı oyunçu cavab görüşündən sonra "Nyukasl"ın baş məşqçisi Eddi Hauya açıq mesaj göndərib: “İngiltərə klublarında oynamaq mənim ən böyük arzumdur. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər deyil, Premyer Liqa və ya Çempionşip klublarının skautları da izləyib. Ola bilsin ki, gələcəkdə məni transfer etmək istəsinlər”.
Qolkiper buraxılan qolların onu qane etmədiyini də vurğulayıb: “Hər zaman komandama kömək etməyə çalışıram. Bu iki oyunda 9 qol buraxdım və əlbəttə, narazıyam. 6 qol buraxdığın oyun heç vaxt yaxşı sayıla bilməz. Amma azarkeşlərin və insanların haqqımda müsbət danışması mənə böyük motivasiyadır”.
İlk görüşdə “Qarabağ”ın qapısından 4 top keçirən Entoni Qordon isə matçdan sonra Koxalskiyə dəstək olub. Polşalı qolkiper bu barədə belə danışıb: “Bir epizodda səhvdən sonra Entoni Qordon yanıma gəlib dedi: "Özünü qınama, sən çox yaxşı qapıçısan, davam et". Belə məşhur futbolçudan bu sözləri eşitmək böyük motivasiyadır”.
Koxalski hələ Polşa millisində debüt etməsə də, əsas hədəfinin yığmaya çağırılmaqdan ibarət olduğunu bildirib: “Milli komandada oynamaq mənim ən böyük arzumdur. Polşada böyük liqalarda çıxış edən təcrübəli qapıçılar çoxdur. Ümid edirəm ki, pley-off oyunlarına və dünya çempionatına düşərəm. Amma qərarı baş məşqçi verir”.
Qeyd edək ki, İngiltərə mətbuatında “Nyukasl”ın yeni qapıçı axtarışında olduğu və “Mançester Siti”nin üzvü Ceyms Traffordla maraqlandığı bildirilir. Koxalski isə ümid edir ki, “Qarabağ”dakı çıxışı onu Premyer Liqa klublarının diqqət mərkəzinə salacaq.










































































