"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçının ardından mətbuat konfransı keçirib.
Ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırmamışdan əvvəl oyunla bağlı təəssüratlarını bölüşüb:
- Meydançada başqa bir komanda gördük. Artıq daha çox irəli getmişik. Oyunla bağlı təəssüratlarım xoş deyil. Sanki nəyisə deyə bilmədik. Pis oynamadıq, yaxşı qol imkanlarımız oldu. Amma futbolda belədir ki, sən vurmursansa, sənə vururlar. Bütün baş verənlər səhvlərimizin nəticəsi idi. Bu gün bir tərəfdən də şad olduq ki, futbolçularımızın gözlərində alov var idi, vuruşmaq, döyüşmək, qalib gəlmək istəyirdilər.
- Nunu Rodriges kimi texnikalı futbolçunu daimi oynatmamaqla, onun öz mövqeyində zəif təsir bağışlamağa başladığını düşünmürsünüz?
- Mənim fəlsəfəm və tələblərimdə başlıca rolda məşq prosesi durur. Futbolçular necə məşq edirlərsə, o cür də oynayırlar. Buna görə də qarşıdakı oyun barədə bütün informasiyanı mənə futbolçular hazırlıq prosesində verirlər. Kim yaxşı, kim güclü görünürsə, kim dediklərimi tez qəbul edirsə, kim onu məşqdə həyata keçirirsə, o da start heyətində meydançaya çıxır. Bu gün demək istərdim ki, baş məşqçinin tələblərini qəbul edərək, həyata keçirmək üçün kiməsə vaxt lazımdır, kimisi tapşırığı tez qəbul edir, kiməsə bir həftə, kiməsə bir ay, kiməsə iki ay lazımdır. Buna görə də Nunuya şans verdik, o, şansdan yararlandı, biz də razı qaldıq.
















































































