"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçının ardından mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis jurnalistlərin suallarına cavab verməmişdən əvvəl oyunu dəyərləndirib:
- Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydançada yaxşı mübarizə apardı. İki eyni səviyyəli komanda qarşılaşırdı. İkisi də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Vacib olan sona qədər intizamı qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Sevinirik ki, qalib gəldik. Qarşıda bizi "Sumqayıt"la vacib kubok oyunu gözləyir. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Bundan sonra çempionatın 3-cü dövrəsinin hazırlıqlarına başlayacağıq.
- "Sumqayıt" son zamanlar "qara zolaq"dadır. Demək olar ki, avrokuboklara vəsiqə uğrunda mübarizə apardığınız rəqiblərdən biri artıq sıradan çıxır?
- Qətiyyən bu fikirlə razı deyiləm. "Kəpəz"lə oyuna baxırdım. "Sumqayıt" qırmızı vərəqəyə qədər yaxşı oynayırdı. Sadəcə, "Kəpəz" əks-hücumlarda təhlükəli oldu və əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. "Sumqayıt"ın baş məşqçisi Saşa İliç xeyli rotasiya etdi. Rəqibi 3 gün sonrakı matçda yorğun gözləmirik. Çempionat elə gedir ki, sonda istədiyimiz nəticəyə çata bilməkdən ötrü hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmalıyıq.
- "Sumqayıt" çempionatdakı xal itkilərindən sonra diqqəti kuboka yönəldəcək. Bu amil "Zirə"nin işini çətinləşdirməyəcək?
- Biz də başa düşürük ki, kubokda daha istəkli olacaqlar. Mənə elə gəlir ki, qırmızı vərəqədən sonra edilən dəyişikliklərdə "Sumqayıt"ın baş məşqçisi kubok matçını düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım, eyni şeyi edərdim. Biz bu gün çox güc sərf etdik. Ona görə də tezliklə bərpa olmalıyıq.















































































