Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 2026-cı il dünya çempionatından etibarən qüvvəyə minəcək oyun qaydaları paketini təsdiqləyib.
Sportnet.az-ın məlumatına görə, dəyişikliklər VAR sisteminin səlahiyyətlərinin genişləndirilməsi və oyunda vaxt uzatmalarının qarşısının alınmasına yönəlib.
Əsas yeniliklərdən biri videoyardım sistemi vasitəsilə hakimlərin müdaxilə imkanlarının artırılmasıdır. Həmçinin hakimlər anti-futbol və süni fasilələrlə mübarizə üçün əlavə alətlər əldə edəcək.
Təsdiqlənmiş dəyişikliklərə görə, VAR yalnız qol, penalti və birbaşa qırmızı vərəqə kimi standart hallarda deyil, bir sıra yeni situasiyalarda da müdaxilə edə biləcək:
-
Künc zərbələri: Hakim səhvən künc və ya qapıdan zərbə təyin edərsə, VAR dərhal qərara korrektə edə biləcək və monitora baxmaq məcburiyyəti olmayacaq.
-
İkinci sarı vərəqə: Oyuncuya ikinci sarı vərəqə göstərilməsində mümkün səhv halında VAR müdaxilə edə biləcək.
IFAB həmçinin standart prosedurlar üçün konkret vaxt məhdudiyyətləri tətbiq edib:
-
Autlar: Oyuncu autu 5 saniyə ərzində icra etməsə, top rəqib komandasına veriləcək.
-
Qapıdan zərbələr: 5 saniyəlik müddət aşılarsa, qarşı tərəfin xeyrinə künc zərbəsi təyin ediləcək.
-
Əvəzləmələr: Futbolçu tablonun qaldırılmasından sonra 10 saniyə ərzində meydançanı tərk etməlidir. Qaydaya əməl etməyən oyunçu yalnız 1 dəqiqə sonra oyuna qoşula bilər.
-
Tibbi yardım: Sahədə tibbi yardım alan oyunçu minimum 1 dəqiqə meydançadan kənarda qalacaq.
Dəyişikliklərin məqsədi oyunun dinamikasını artırmaq və fasilələrin sayını azaltmaqdır.







































































