Bölgədə baş verən hərbi gərginlik İran çempionatında çıxış edən legionerlərin ölkəni tərk etməsinə səbəb olub.
Sportnet.az xəbər verir ki, karyerasını "İstiqhlal" klubunda davam etdirən İspaniya “Barselona”sının sabiq futbolçusu Munir El Haddadi ölkədən quru yol ilə ayrıldığını açıqlayıb.
Mərakeşli hücumçu sosial şəbəkə hesabında əvvəlcə hava yolu ilə ölkəni tərk etmək istədiklərini, lakin təyyarədən endirildiklərini bildirib. Daha sonra klubun təmin etdiyi avtomobillə sərhədə yollanan 30 yaşlı oyunçu 16 saatlıq yolçuluqdan sonra Türkiyəyə çatıb. El Haddadi hazırda təhlükəsiz olduğunu və yaxın saatlarda İspaniyaya qayıdacağını qeyd edib.
Son hadisələr fonunda İran çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb. Liqada çıxış edən əcnəbi futbolçuların böyük hissəsi ölkəni tərk etməyə çalışır.
Peşəkar karyerasına "Barselona"da başlayan Munir El Haddadi Kataloniya təmsilçisində 3 La Liqa və 1 UEFA Çempionlar Liqası titulunun sevincini yaşayıb. Cari mövsüm İran çempionatında 26 oyuna çıxan hücumçu 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun formasını geyindiyi "İstiqlal" komandası 41 xalla turnir cədvəlinin lideridir.









































































