"Zirə" və "Sumqayıt" arasındakı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünü izləyə bilməyəcəyəm və heç kimi favorit görmürəm".
Sportnet.az-ın məlumatına görə, bunu veteran futbolçu Samir Abasov vaxtilə çalışdığı komandaların bugünkü qarşılaşmasını dəyərləndirərkən deyib.
48 yaşlı mütəxəssis bildirib ki, oyun gərgin mübarizə şəraitində keçəcək: "Sumqayıt" son oyunlarda xallar itirə-itirə gedir. Sanki çempionatdan ruhən qopmuş kimi görünür. Bilib-gördüyümə və hamının dediyinə görə, komandanın avrokuboklara vəsiqə qazanması həddindən artıq çətindir. Bunu, yəqin ki, özləri də başa düşürlər və kuboku əldə prioritet kimi götürərək, meydançaya son oyun kimi çıxa və "Zirə"yə çətinlik yaşada bilərlər. Bu, matçın gərginliyindən xəbər verir. Bu baxımdan, "Zirə"yə çətin olacaq. Digər tərəfdən, "Zirə" də kubok üçün çalışır. Çünki 4-cü yerin avropakuboklara getməyin təminatçısı olmadığı bilir. Çempionatdan vəsiqə qazanmaq üçün 3-cü yerdə gedən "Turan Tovuz"u keçmək lazımdır. "Zirə" də, "Sumqayıt" da başa düşür ki, hər ikisi bir-birini keçə bilər. Ona görə də matça həddindən artıq ciddi yanaşacaqlar. Hər şeyi bugünkü oyun göstərəcək".
Abasov "Zirə"də çalışdığı vaxt - 2018/2019 mövsümündə "Sumqayıt"ı keçə bilmədikləri yarımfinal mərhələsinin cavab görüşünü xatırlayıb: "Səfərdəki ilk matç qolsuz yekunlaşmışdı. Cavab oyununun gedişində isə 0:3 hesabı ilə geridə idik. Birinci hissənin sonlarında "Sumqayıt"ın futbolçusu Süleyman Əhmədov qapı xəttindən topu çıxardı. Bununla belə, hesabı bərabərləşdirdik. Az qala 4-cü qolu da vuracaqdıq. O zamanlar mövcud olan səfər qolu sayəsində "Sumqayıt" finala yüksəldi. Yəni, kubok matçı bu dərəcədə gərgin olur. Ona görə də xüsusən "Zirə" - "Sumqayıt" rəqabətində kimisə favorit adlandırmaq çox çətindir. Mən Ceyhun Rzayev və digərləri kimi kimi o dərəcədə futbol bilicisi deyiləm ki, hansı komandanın mərhələ adlayacağını əminliklə söyləyim. Bunu onlardan soruşsanız, daha yaxşı olar".
Qeyd edək ki, bu gün Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq.
















































































