"Vacib oyuna çıxmışdıq. Kubok oyunlarının cavab matçları xüsusilə gərgin və stressli olur. Bu qarşılaşmalarda sonradan səhvi aradan qaldırmağa vaxt olmur. Üzərimizdə gərginlik var idi. Futbolçularıma təşəkkür edirəm. Yüksək peşəkarlıq göstərdilər. Bundan sonra kubok və Premyer Liqada əsas mərhələyə giririk. Əvvəlkindən daha çox işləməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Sumqayıt"la qısa müddətdə 3 oyun oynadınız. Əvvəlki iki matçla bu dəfəki arasında xüsusi nə fərq oldu?
- Xüsusi fərq yox idi. Hamısı eyni məcrada keçdi. Onlar hücum fazasında güclüdür. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmli idi. Bu gün də, əvvəlki matçlarda da uduza bilərdik. Onlara uğurlar arzulayıram.
- Sensasiya baş verməsə, yarımfinalda "Turan Tovuz"la qarşılaşacaqsız. Avropaya getmək baxımından yaxşıdır?
- Onların gücü hamıya bəllidir. Mən də sizin kimi yarımfinalda "Turan Tovuz"u daha yaxın görürəm. Amma hələ cavab matçı var. Ondan sonra rəqib haqda fikir səsləndirə bilərik. İndi "Kəpəz"lə çempionat oyununu düşünəcəyik.
- Çətin perioda girdiyinizi dediniz. Bəs rotasiya üçün əlinizdə geniş heyət var?
- İlk oyun idi ki, tam heyətlə hazırlaşmışdıq. Ən vacibi bu idi. Rotasiya üçün yetərincə heyətimiz var. Düşünürəm ki, ehtiyac olduqca, komanda buna hazırdır. Vacib perioda giririk. Mütləq hamının oynama şansı olacaq. Futbolçular özləri də oynamaq istəyirlər.














































































