"Əlbəttə, ağır oyun alındı. Açığı, ardıcıl olaraq, bu komanda ilə qarşılaşmalar belə məcrada keçir".
Bunu "Sabah" komandasının qapıçısı Stas Pokatilov "Qəbələ"ni penaltilər seriyasında üstələdikləri (əsas vaxt - 2:2, əlavə vaxt - 1:1, penaltilərlə - 4:2) Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra Sportnet.az-a açıqlamasında deyib.
Qazaxıstanlı qolkiper eyni səhvləri təkrarladıqlarını bildirib: "Sanki öz səhvlərimiz üzərində öyrənmirik. "Qarabağ"la son oyunumuzun taleyini təkrarladıq. Əlbəttə, bunu məşqçilər heyəti ilə birlikdə araşdıracağıq. Amma bunlar emosiyalardır. Əsas məsələ odur ki, qalib gəldik və mərhələ adladıq".
34 yaşlı oyunçu son 2 oyunda 6 qol buraxmalarını, ilk növbədə, konsentrasiya itkisi ilə əlaqələndirib. O, bütün təfərrüatları, fərdi səhvləri məşqçilər heyəti ilə aydınlaşdıracaqlarını əlavə edib: "Sözsüz ki, hesabda öndə olduqdan sonra komandada arxayınlıq yaranır. Fikrimcə, bu, ən əsas səbəbdir. Bizim üçün komfort hesabda öndə olduğumuz vaxt konsentrasiyanı itirir, rahatlaşırıq".
Pokatilov hazırda "Qarabağ"la Azərbaycan Kubokunun yarımfinal oyunlarını yox, "Qəbələ" ilə çempionat qarşılaşmasını düşündüklərini diqqətə çatdırıb: "Bütün rəqiblərə qarşı olduğu kimi hazırlaşacağıq. "Qarabağ"la oyun barədə danışmaq üçün hələ tezdir. Çempionatdakı növbəti oyunumuz yenə də "Qəbələ"yə qarşı olacaq".
Qeyd edək ki, martın 10-da "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Qəbələ" matçı saat 19:15-də başlanacaq. Ötən tur isə Masazır təmsilçisi səfərdə "Qarabağ"la heç-heçə edib - 3:3.
















































































