"Ümumiyyətlə, komanda sayının artımının həmişə tərəfdarı olmuşam və problemlərin yaranacağını öncədən düşünmüşəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında hazırkı durumu dəyərləndirərkən deyib.
54 yaşlı mütəxəssisin sözlərinə görə, böyümək və stabil olmaq üçün mütləq nə isə qurban verilməlidir: "Bəzən tanınmış baş məşqçilər, böyük klublar belə, böyük hesablı məğlubiyyətlərdən sonra daha da böyüməyə başlayırlar. Eynilə klublar, rəhbərlər bəzi çətinlikləri dərhal görürlər. Bu mövsüm bəzi komandaların yaxşı meydançalarının olmamasından danışırıq. Lakin bunlar gözləniləndir. Hansısa dəyişiklik etmək olardı".
Qurbanov hazırkı problemlərdən bəzilərinin gələn mövsüm aradan qalxacağına inamını dilə gətirib: "Gələn mövsüm istər yeni, istərsə də hazırkıların oyun stadionu ilə bağlı hansısa probleminin olacağına inanmıram. Ən azından cari mövsümdəki minusların hansısa önəmliləri düzələcək. Sadəcə, birdən-birə 11-12-ci komandaları gətirib hazırkılarla eyni səviyyədə etmək olmaz. Artım bu cür baş verir. Sabah hansısa yeni komandanın sponsoru, o bölgənin imkanlı şəxsi ortaya çıxa və onu böyüdəcəyini deyə bilər. Klublar belə sevilir. Bir il biri, gələn il başqası formalaşır. Beləliklə, hər bir bölgədə komanda ortaya çıxır. Əlbəttə, qüsurlar var. Amma bunlar gözləniləndir və yavaş-yavaş aradan qalxır. Amma get-gedə sayın artmasının tərəfdarıyam. Bölgələrdə komanda sayının çoxluğu futbolun sevilməsi deməkdir".












































































