"Araz-Naxçıvan"ın futbolçusu Coşqun Diniyev səfərdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra jurnalistlər üçün brifinq keçirib. Sportnet.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə görüş barədə fikirlərini bölüşüb:
- Bura yaxşı nəticə qazanmaq üçün gəlmişdik. Lakin təəssüf ki, belə hesabla məğlub olduq. Hesab bizim üçün də sürpriz oldu. Danışacaq çox şey var. Amma önəmli olan bu ağır məğlubiyyətdən dərs çıxarmaqdır. Həqiqətən də bunu qəbul etmək çox çətindir, amma önümüzə baxmalıyıq.
- Hesab böyüdükdən sonra komandanızın psixoloji vəziyyəti necə oldu: Futbolçular meydanda bir-birini motivasiya edə bildimi?
- Belə ağır məğlubiyyətlərdə hesab fərqi artdıqca futbolçular istər-istəməz psixoloji baxımdan düşürlər. 90 dəqiqəni məcbur da olsa, sona qədər oynamalısan. Çalışırdıq ki, belə böyük hesablı məğlubiyyət olmasın, komanda şəklində bunun qarşısını alaq. Amma əfsus ki, bu gün "Qarabağ"ı dayandıra bilmədik.
- Bu oyunda qapınıza iki penalti epizodu oldu. Həmin vəziyyətləri necə dəyərləndirirsiniz?
- Hər iki penalti doğru qərar idi. Deyəcək bir söz yoxdur. Səhv etdik və nəticədə rəqib bu fürsətlərdən yararlandı.
- Andrey Demçenkonun baş məşqçi postuna gəlişindən sonra komandanız hələ də toparlana bilməyib. Buna səbəb kimi nə görürsünüz?
- Baş məşqçi ilə bağlı heç bir problem yoxdur. O, çox təcrübəli və nə istədiyini bilən biridir. Nə qədər hər şeyi başa salmağa çalışsa da, meydanda onu icra edən futbolçular yoxdursa, baş məşqçinin artıq edə biləcəyi bir şey qalmır. Çalışsaq da, təəssüf ki, uğurlu seriya tuta bilməmişik.
- Növbəti rəqib hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşan "Karvan-Yevlax''dır. Bu oyundan gözləntiləriniz nələrdir?
- Məncə, "Karvan-Yevlax"la oyun bizim üçün "Qarabağ"la matçdan daha çətin olacaq. Çünki onlar liqada qalmaq üçün mübarizə aparırlar. Onlar üçün az sayda oyun qalıb və hər tur qızıla bərabərdir. Ona görə də bizim üçün çətin olacaq. Biz də çalışacağıq ki, bu ağır məğlubiyyəti unutduraq.
Haşım MƏMMƏDOV
















































































