"Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər komandanın yanında oldular. Yaxşı və pis günümüzdə yanımızda olmalarını istəyirəm. Əsl azarkeşlər dar gündə tanınır".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis yaxşı komandaya qarşı mübarizə apardıqlarını bildirib: "Zirə"də illərin oturuşmuş heyəti var. Rəqibin güclü tərəflərini futbolçulara demişdik. Maraqlı oyun alındı. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra toparlandıq. Daha dəqiq oynamağı bacarsaydıq, sonuncu dəqiqədə qələbəni əldən verməzdik. Əfsuslar olsun. Önümüzə baxacağıq. Qarşıda çətin oyunlarımız var. "Zirə"yə uğurlar arzulayıram".
Bağırov komandasının xal itirdiyini bildirib: "Son saniyələrdə qol buraxdığımızı nəzərə alsaq, mənə elə gəlir ki, 1 xal qazanmadıq, 2 xal itirdik".












































































