"Hər iki komanda yaxşı oyun göstərdi. Şadam ki, bu gün qalib gəldik. Fikrimcə, uşaqlar buna layiq idilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra türkmənistanlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Bu qələbə 3-cü yer uğrunda mübarizədə iddianızı nə dərəcədə ortaya qoydu?
- Əvvəllər də demişəm ki, biz oyundan-oyuna hazırlaşırıq. Bunun kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Hər şey çempionatın sonunda aydınlaşacaq. Turnir cədvəlinə fikir vermirik.
- Hücumçunu bu dəfə hücumçu ilə əvəzləmədiniz...
- Bu, problem deyil. İbrahima Vadji yaxşı vəziyyətdədir. Bərabər səviyyəli əvəzləmələrimiz olur. Onu dəyişməyin mənası yox idi. Ona görə də bu gün hər iki hücumçumuzu oynatdıq.
- Artıq III dövrə başlayıb. "Turan Tovuz" kuboku çempionata və ya əksinə qurban verə bilərmi?
- Bizim üçün bütün oyunlar əhəmiyyətlidir: kubok da, çempionat da.
- Son oyunlarda "Turan Tovuz" qapısından top buraxmır. Bu, uğurunuzun açarıdırmı?
- Bu suala cavab vermək çətindir. Çünki qapımız önündə təhlükəli vəziyyətlər də olur. Olmasaydı, başqa məsələ. Müdafiədə işləməli olduğum çox şey var.
- Sanki kənardan görünür ki, "Turan Tovuz"a istənilən qitəmiqyaslı yarışa vəsiqə bəs edəcək. Komandanızı çempionluq mübarizəsində görürsünüz?
- Hər dəfə mətbuat konfransında eyni suallara cavab verirəm. Biz nə turnir cədvəlinə, nə də harasa baxırıq. Qarşımızda hazırlaşdığımız oyun olur. Vəssalam!













































































