"Komandamı təbrik edirəm. Rəqibimiz haqqında xoş sözlər demək istəyirəm. Ola bilər ki, bu gün hesab bir az fərqli oldu, amma bundan əvvəl 120 dəqiqəlik qarşılaşma və s. amillər rəqib baxımından bugünkü oyuna təsir etdi. Bundan sonrakı matça hazırlaşmalıyıq. Kubok və çempionat oyunları arasında fərq olur. Rəqib müdafiənin arxasına yaxşı hücum edən oyunçulardan ibarətdir. Lakin futbolçularım bu hücumların qarşısını almağı yaxşı bacardılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas evdə "Qəbələ"yə 7:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Coy-Lens Mikels 2-ci hissənin başlanğıcında əvəz olundu. Hər hansı bir zədə ilə bağlı idi, ya taktiki gediş idi?
- Tamamilə zədə ilə bağlı əvəzetmə idi. Mikels oyunlara tam hazır deyil. Buna baxmayaraq, fərqlənməsi çox gözəl məqamdır.
- Son 2 oyunda Andrey Santosa da şans verirsiniz. Oyunundan məmnunsunuzmu?
- Qısa müddətdə oyunda olduğundan, hər hansı fikir bildirmək doğru olmazdı. Amma məşqlərdə Santos çox çalışır və gələcəyə dair ümid verir. O, gəncdir və bundan sonra komanda üçün çox xeyir verəcək. Hər bir futbolçumuz bizim üçün dəyərlidir.
- Formada olan 3 hücumçu arasında seçim etmək sizin üçün çətindirmi?
- Mənim üçün favorit oyunçu matç günü meydançada olan oyunçudur. Bu 3 hücumçu bizə çox lazımdır. Xəyal Əliyevin bu gün sağlamlıq barədə narahatlığı var idi. Ona görə meydançada olmasa da, bundan sonrakı oyunlarda bizim ona çox ehtiyacımız olacaq. Hər üçündən razıyam.
- AFFA "Qarabağ"la matçda yaşananlarla bağlı məsələni yenidən nəzarətə götürdü. Çox güman ki, köməkçi məşqçinizlə bağlı cəza olacaq. Bu, sizi narahat edirmi?
- Bu barədə hər şeyi demişik. Əlavə şərhə ehtiyac yoxdur.











































































