Argentinanın "Boka Xuniors" klubu stadionunun genişləndirilməsi ilə bağlı böyük layihə açıqlayıb.
Sportnet.az xəbər verir ki, Buenos-Ayres təmsilçisi "Estadio Alberto J. Armando" stadionunun tutumunu artırmağı planlaşdırır.
Layihəyə əsasən, “La Bombonera”nın tutumu 57 mindən 80 min tamaşaçıya çatdırılacaq.
Yenidənqurma işlərinə növbəti dünya çempionatı zamanı başlanacaq və layihənin həyata keçirilməsi təxminən iki il davam edəcək. Rekonstruksiyanın ümumi dəyəri isə 50–60 milyon dollar civarında qiymətləndirilir.
“Boka Xuniors” layihə ilə bağlı bildirib ki, stadionun köçürülməsi və ya yeni arenanın tikilməsi planlaşdırılmır: “La Bombonera" köçürülməyəcək və yeni stadion tikilməyəcək. Arena öz kimliyini qorumaqla genişləndiriləcək”.
Qeyd edək ki, stadion rəsmi olaraq “Estadio Alberto J. Armando” adını daşısa da, özünəməxsus formasına görə azarkeşlər arasında “La Bombonera” (şirniyyat qutusu) kimi tanınır. Arena 1940-cı ildə Buenos-Ayresin La-Boka rayonunda istifadəyə verilib.
Hazırda klubun 126 minə yaxın üzvü olsa da, mövcud tutuma görə onların yarısından azı oyunlara qatıla bilir. Üstəlik, klub üzvü olmayan azarkeşlərin matçlara girişi məhdudlaşdırılıb.
Maraqlıdır ki, bu qərar “Boka Xuniors”un əzəli rəqibi "River Pleyt" klubunun planından sonra açıqlanıb. “River Pleyt” bir müddət əvvəl "Estadio Monumental" stadionunun üzərinin örtülməsi və tutumunun 100 mindən çox tamaşaçıya çatdırılması layihəsini təqdim edib.
Bu layihələrin 2030-cu ildə keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində həyata keçirildiyi bildirilir. Turnir Argentinanın da daxil olduğu bir neçə ölkədə keçiriləcək.













































































