"Qələbəyə görə çox xoşbəxtəm və bütün kollektivi təbrik edirəm. Bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkirlər. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Bu oyunu unudub qarşıdakı "Sumqayıt"la matça köklənəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas səfərdə "İmişli"yə 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, komandasının məhsuldarlığının heç bir sirri yoxdur: "Sadəcə, futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyunçularımız bu sistemə uyğunlaşırlar. Üç gənc futbolçumuz - Xəyal Əliyev, Umarali Raxmonaliyev və Aron Maluda üst-üstə 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyunçuları fərqləndirmək istəməzdim. Kim meydançaya çıxırsa, bizə böyük fayda verir. Kahim Parris bir müddət oynamadı. Son iki matçda isə 3 qol vurub. Cesse Sekidika zədədən yeni qayıdıb. Oynadıqca formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar".
Dambrauskasın fikrincə, "Sabah" bundan da yaxşı nəticələr göstərə bilər: "Çünki komandanın potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır" (Sportal).











































































