"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, komandamızı sona qədər dəstəklədilər. İnanıram ki, futbolçular dəstəyin qarşılığını onlara meydançada verdilər. Yaxşı futbol oynadıq. Texniki tərəfdən bəzi çatışmazlıqlarımız var. Amma oyundan-oyuna daha yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Vaxt keçdikcə oyun sarıdan başqa "Kəpəz" görəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Jo Batişta ötən turda "Neftçi"yə də oxşar qol vurmuşdu. Bu gün də "Kəpəz"in qapısına yol tapdı. Ani diqqətsizlik oldu ki, qol buraxdınız?
- Yox, mən elə deməzdim, səhv oradan başlamadı. Səhv daha irəlidə idi. Top bizdə olarkən, itirməyimiz həmin zonanın boş qalmasına, sonda qapımıza vurulan qola gətirib çıxardı. Bir zonanı boşaldırsansa, digər zonalardakı boşluqlar dərhal sezilir. Rauf Hüseynli də maksimumu etməyə çalışdı, amma təəssüf ki, ayağı sürüşdü. Biz əks-hücuma keçmək istərkən, rəqib bizi azlıqda tutdu. Futboldur, rəqibin də usta oyunçuları var. Onların da bacarıqlarını danmaq olmaz.
- "Kəpəz" bu gün bəlkə də ən yaxşı oyununu sərgilədi. Daim belə çıxış etməyə nə imkan vermir?
- Son matçlarda "Kəpəz" daha istəkli oynayır. "Sumqayıt", "Zirə"yə qarşı oyunlar... Bu gün "Turan Tovuz"a qarşı da istəkli idik. Qeyri-sabit olduğumuzu deməzdim. Son 4-5 oyundur ki, göz dəyməsin, stabil oynayırıq. Meydançada əsl futbol oynayırıq. Hamı maraqlı futbol izlədi. Futbolçularıma təşəkkür edirəm ki, dediklərimi meydançada həyata keçirdilər.












































































