"Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Nihad İsmayılov "Tbilisi Arena"da Gürcüstana 2:4 hesabı ilə uduzduqları yoldaşlıq oyunu barədə azfutzal.az-a a açıqlamasında deyib.
Komandasının ilk qolunu vuran İsmayılov ilk yarıda meydan sahiblərinin səhvləri bağışlamadığını bildirib: "Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Belə deyim də, fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb olunan gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir".
Milli üzvü Gürcüstanla aprelin 11-də keçirəcəkləri ikinci görüşdən gözləntilərini də dilə gətirib: "Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Oyundan oyuna yaxşı tərəfdən seçilir komandamız. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.
















































































