"Hər bir komanda yarımfinalda qalib gəlmək istəyir. O cümlədən də biz. Oyunda güclü tərəf də biz idik".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un köməkçi məşqçisi Yunis Hüseynov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Kurban Berdıyevin cəzası üzündən media önünə çıxan Hüseynov hakim haqsızlığı üzündən finala vəsiqə qazana bilmədiklərini söyləyib: "Ötən oyunda haqqımızı yedilər. Təəssüf ki, ilk matçda hakim səhvləri üzündən qələbə qazana bilmədik. Bu oyunda da qol vurduq, saymadılar. Epizoda baxmamışam, amma biz vuranda dərhal VAR-a yüklənib baxırlar, rəqib fərqlənəndə isə yox. O vaxt biz burada oynayanda yenə Əliyar Ağayev qırmızı vərəqə verib sonra ləğv etmişdi. Buna görə Ağayevi cəzalandırmışdılar. Bu dəfə də bu qədər əziyyət çəkən futbolçuların, komandanın haqqını yedi. Bu gün heç-heçə etdik. "Zirə"yə uğurlar arzulayıram. Amma finala çıxmağa haqqı olan komanda biz olmalı idik".
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyunda epizodlar da az oldu. İstədiklərinizin alınmamasına səbəb nə oldu: "Zirə"nin çox yaxşı müdafiə olunması, yoxsa ilk matçın psixoloji təsirləri?
- İlk görüşdə iki təmiz penaltimiz verilsəydi və üstəlik, rəqib oyunçu qırmızı vərəqə ilə meydançadan qovulsaydı, biz nəinki iki, hətta üç qol vura bilərdik. Danmıram, futbolçularda psixoloji təsirlər qalmışdı. Lakin komandamız bugünkü oyuna da pis hazırlaşmamışdı. "Zirə" ilk görüşdə qələbə qazandığı üçün bu gün 5-li müdafiəyə keçmişdi və əks-hücumlara köklənmişdi. Arxa xətdə epizodlar vermirdilər, cinahları da bağlamışdılar. Bunu öncədən də bilirdik. Lakin yenə də komandamız pis təsir bağışlamadı. Bugünkü oyun elə idi ki, birinci hissədə fərqlənə bilsəydik, düşünürəm ki, fasilədən sonra da qol vuracaqdıq. İlk yarıda bir-iki imkanımız da oldu. Belə oyunlar elədir ki, qol vurmaq üçün hücuma atılırıq, rəqib komanda isə müdafiə olunur. Düşünürəm ki, bu gün "Zirə" yalnız müdafiə olundu.
- Bugünkü oyunda da hakim idarəçiliyindən narazı qaldınız?
- Narazı qalmadım, amma sayılmayan qol epizodumuza baxmamışam. Baş hakim Əli Əliyev VAR-a baxdıqdan sonra qolumuzu ləğv etdi. Düşünürəm ki, orada qol var idi. Bir az da rəqib qapıçını və oyunçularını tələsdirsəydi, daha yaxşı olardı.
- "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev hədəflərdən birinin Azərbaycan Kubokunu qazanmaqdan ibarət olduğunu bildirmişdi. "Qarabağ"da enişin olduğunu nəzərə alaraq, bundan sonra qarşınıza 2-ci yer hədəfi qoyula bilərmi?
- Hər hansı komanda çempion olmaq və ya kuboku qazanmaq istəmirsə, deməli, onun məqsədi yoxdur. Bizim də məqsədimiz kubok qazanmaq idi, çempionluq da istəyirdik. Qarşıda 5 çətin oyunumuz var. Artıq çempionata köklənəcəyik. Əsas odur ki, biz ikinciliyi fikirləşmirik, qarşıdakı oyunlarda qalib gəlmək istəyirik. Qələbələr qazandıqdan sonra yaxşı yerlərdən birini tutacağıq.















































































