İtaliyada futbol dünyasını sarsıdan eskort qalmaqalı ilə bağlı istintaq genişlənir.
Sportnet.az xəbər verir ki, Milan şəhərində fəaliyyət göstərən “Ma.De Milano” agentliyi ətrafında aparılan araşdırmada bəzi A Seriyası futbolçularının da şahid qismində dindirilməsi gündəmə gəlib.
Məlumata görə, hüquq-mühafizə orqanları agentliyin rəhbərləri hesab edilən Emanuele Buttini və Debora Ronçi, eləcə də onların iki əməkdaşının mobil telefonlarını araşdırır. İstintaq materiallarında A Seriyası klublarında çıxış edən təxminən 70 futbolçunun adı açar söz kimi göstərilib.
Mediada həmçinin Formula 1 pilotu üçün sifariş edilən qızla bağlı danışığın yer aldığı audioyazı da yayımlanıb. İddialara görə, braziliya əsilli gözəl xanım ulduz avtoyarışçıya göndərilib.
Adları hallanan idmançılar istintaqda təqsirləndirilən şəxs sayılmır. Çünki İtaliya qanunvericiliyinə əsasən, yetkin şəxslə ödənişli münasibət cinayət hesab olunmur. Buna baxmayaraq, onların təşkil olunan gecələrdə iştirak edib-etmədiyi araşdırılır.
Bildirilir ki, istintaq çərçivəsində xüsusilə pullu xidmət və “gülüş qazı” kimi tanınan maddələrin istifadəsi ilə bağlı konkret sübut olan şəxslər ifadə verməyə çağırıla bilər.
Məhkəmənin qərarı ilə artıq 1,2 milyon avrodan çox vəsaitin müsadirəsi üçün addımlar atılıb. İstintaq materiallarında həmin pulların bir hissəsinin xarici bank hesablarına, o cümlədən Litvadakı hesablara köçürüldüyü qeyd olunur.
Araşdırma zamanı agentliyin qadınların hotellərə yerləşdirilməsi, müxtəlif şəhərlərə və xaricə göndərilməsi, eləcə də yaşayış yerlərinin təşkili ilə məşğul olduğu iddia edilir. İş üzrə istintaq davam edir.














































































