UEFA Çempionlar Liqasında Fransanın PSJ və Almaniyanın "Bavariya" komandaları arasındakı ilk oyunu idarə etmiş isveçrəli baş hakim Sandro Şörer daha bir qalmaqallı qərar qəbul edib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli referinin bu qərarı da Azərbaycanda böyük əks-səda doğurub.
Şörer 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Usman Dembelenin zərbəsindən sonra top cərimə meydançası daxilində qonaq komandadan Alfonso Deyvisin əlinə dəyib. Referi VAR hakimlərinin tövsiyəsindən sonra epizodu monitorda izləyib və penalti təyin edib. Usman Dembele bu imkandan yararlanmağı bacarıb. Görüş isə PSJ-nin qələbəsi ilə yekunlaşıb - 5:4.
Daha əvvəl Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin "Sabah" və "Qarabağ" arasındakı cavab görüşündə də oxşar epizod baş verib. Uzatma dəqiqələrində Kamilo Duranın zərbəsindən sonra top cərimə meydançası daxilində Velko Simiçin yana açılmış əlinə dəysə də, baş hakim Rəvan Həmzəzadə penalti təyin etməyib. Bu epizodda VAR monitoruna baxmağa da ehtiyac duyulmayıb. Nəticədə "Sabah" 2:1 hesablı qələbə qazanaraq, ilk görüşdəki 2:2 hesablı heç-heçə də nəzərə alınmaqla, finala yüksəlib. Qarşılaşmanın hakim-inspektoru olan AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov isə Həmzəzadənin doğru qərar qəbul etdiyini bildirib.
Qeyd edək ki, Sandro Şörer UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunda "Qarabağ"ın Bakıda Almaniya "Ayntraxt"ını 3:2 hesabı ilə yendiyi matçın 79-cu dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. Halbuki bundan 5 dəqiqə əvvəl analoji epizodda o, "Qarabağ"ın penalti tələbini geri çevirib. "Ayntraxt" penaltini dəqiq yerinə yetirərək, önə çıxsa da, Azərbaycan təmsilçisi tezliklə geridönüş edib və qələbə qazanıb.

















































































