FIFA Şurasının Kanadanın Vankuver şəhərində keçiriləcək 76-cı Konqresi ərəfəsində baş tutan iclasında 2026-cı il dünya çempionatı ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Sportnet.az xəbər verir ki, toplantıda mundiala qatılacaq 48 ölkəyə ayrılan ümumi maliyyə vəsaitinin 15 faiz artırılaraq 871 milyon dollara çatdırılması qərara alınıb.
Bununla yanaşı, hər komandaya verilən ilkin ödəniş 1,5 milyon dollardan 2,5 milyon dollara yüksəldilib. Turnirin mərhələləri üzrə ödənilən məbləğ isə 9 milyon dollardan 10 milyon dollara artırılıb. Həmçinin iştirakçı ölkələrə veriləcək əlavə ödənişin 16 milyon dollar olması təsdiqlənib.
İclasda oyun qaydaları ilə bağlı da dəyişikliklər edilib. Qəbul olunan qərara əsasən, sarı vərəqələr qrup mərhələsindən sonra və pley-off mərhələlərində silinəcək. Eyni zamanda, futbolçular hakim qərarına etiraz olaraq meydançanı tərk edəcəkləri və rəqiblərlə ünsiyyət zamanı ağızlarını örtəcəkləri hallarda qırmızı vərəqə ilə cəzalandırılacaqlar.
Bundan başqa, Əfqanıstanın Qadın Mühacir Futbol Komandasının FIFA təşkilatlarında iştirak etməsinə icazə verilməsi də qərara alınıb.















































































