“Real” Orelyen Çuameni və Federiko Valverde ilə bağlı qərarını verib.
Sportnet.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu hər iki futbolçunu yayda satmaq niyyətində deyil.
Çuameni ilə Valverde arasında məşq zamanı yaşanan gərginlik futbolçuların gələcəyinə təsir etməyəcək. Hadisədən sonra Valverdenin başından zərbə aldığı və xəstəxanaya aparıldığı bildirilsə də, tərəflər sonradan öz aralarında danışaraq problemi həll ediblər.
Klub rəhbərliyi hər iki futbolçunu 500 min avro məbləğində cərimələyib. Lakin “Real” idman cəzasına ehtiyac görməyib.
İspaniya nəhəngi Çuameni və Valverde ilə bağlı uzunmüddətli planlarını dəyişməyib. Klub daxilindən verilən məlumata görə, hazırda nə fransalı yarımmüdafiəçinin, nə də uruqvaylı futbolçunun satılması gündəmdədir.
Qeyd edək ki, Çuameni Premyer Liqa klublarının maraq dairəsindədir. “Arsenal”, “Liverpul” və “Mançester Yunayted” fransalı futbolçunu yaxından izləyir. Valverde ilə isə “Arsenal”la yanaşı, “Çelsi” və “Mançester Siti”nin də maraqlandığı bildirilir. Həmçinin PSJ və “Bavariya” da son illərdə hər iki futbolçunun durumunu izləyən klublar sırasındadır.
Buna baxmayaraq, nə Çuameni, nə də Valverde “Real”dan ayrılmaq üçün klub rəhbərliyinə müraciət edib. Madrid təmsilçisi də məşqdəki insidentin komandanın daxili ab-havasına ciddi təsir etməyəcəyinə inanır.




















































































