"Görüşdən öncə "Böyük oyun"un əhəmiyyətini itirdiyini deyirdilər. Məncə, adına layiq bir mübarizə getdi". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib.
Azərbaycan Premyer Liqasının V turunda "Xəzər Lənkəran"la oyundan sonra keçirilən mətbuat konfransında danışan gənc mütəxəssis qarşılaşmanı belə şərh edib: "Mübarizə, qırmızı vərəqə, vurulmayan penalti... Futbolda səhvlər olur. Biz də səhvlər etdik. Məncə, Erik Ramos ədalətli oyun qaydalarına riayət etməli, topu rəqibə qaytarmalı idi. Amma bunu etmədi. Onunla bu barədə söhbət edib, eyni halın təkrarlanmamasını tapşıracağam. Ola bilsin ki, qələbə istəyindən irəli gələn bir şeydir. Amma istənilən halda, olmamalıdır".
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçında qalib müəyyənləşməyib - 1:1.