"Maraqlı oyun alındı. Rəqibin gücünü Əvvəlcədən bilirdik. Ona görə də açıq futbola üstünlük verməmişdik, qapalı oynayır və çalışırdıq ki, əks-hücumlarda rəqibi tutaq". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib.
O bildirib ki, uzatma dəqiqələrində penaltidən qol buraxmaları komandaya pis təsir edib. Amma Məmmədovun fikrincə, futbolda belə hallar da olur: "90-cı dəqiqədə də qol buraxa bilərik. Nə edə bilərik? Futbolda hər şey olur. Heç-heçə də edə bilərdik. Hətta o penaltidən əvvəl qol epizodlarımız da oldu. Onlardan yararlansaydıq, qələbə də bizim ola bilərdi. Eybi yox. Öz futbolçularımızı təbrik edir, "Qəbələ"yə uğurlar arzulayıram".
Baş məşqçi cəza üzündən keçmiş komandasına qarşı oynaya bilməyən Aleksandr Çertoqanovun yoxluğunun "Sumqayıt"a təsir etmədiyini də söyləyib: "Çertoqanov bizim üçün nə qədər gərəkli futbolçu olsa da, uşaqlar təcrübəli futbolçumuzu itirdiyimizi hiss elətdirmədilər".
Qeyd edək ki, "Qəbələ" 90+2-ci dəqiqədə Tural Rzayevin Dodoya qarşı kobudluğu səbəbindən təyin olunmuş penaltini Aleksey Qayın dəqiq yerinə yetirməsi nəticəsində qələbəyə nail olub - 1:0.