
"Bakı" klubunun sabiq baş məşqçisi Milinko Pantiç Serbiyanın "Partizan" komandasının sükanı arxasına keçə bilər. Sportnet.az-ın "Sportski Jurnal"a istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis istefaya göndəriləcəyi gözlənilən Zoran Milinkoviçi əvəzləməyə əsas namizəddir.
Hazırda "Partizan"ın ölkə çempionatındakı işləri elə də uğurlu getmir. 10 turdan sonra "ağ-qaralar" 17 xalla 3-cü pillədə qərarlaşıblar. Klub rəhbərliyi yığma komandaların oyunları ilə əlaqədar veriləcək fasilə müddətinədək 2 oyunda "qəbirqazanlar"ın dönüş edəcəyinə ümid edirlər. Bu, baş verməsə, Pantiç baş məşqçi, Qoran Stevanoviç isə idman direktoru vəzifəsinə gətiriləcək.
Qeyd edək ki, Milinko Pantiç futbolçu karyerasına 1985-ci ildə "Partizan"da başlayıb və 6 il bu komandanın formasını geyinib. Baş məşqçi kimi isə o, 2011-2012-ci illərdə İspaniya "Atletiko"sunun B komandasında və 2013-cü ilin iyunundan 2014-cü ilədək "Bakı"da çalışıb.

















































































