
"Hər birinizi salamlayıram. Yeni stadionumuzda sizi gördüyüm üçün şadam. Yeni stadionumuzda ilk oyunumuz idi. Ola bilər ki bir qədər həyəcanlı görünürdük". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni arenada keçirilən ilk görüşdən sonra mətbuat konfransında deyib.
O, "Neftçi”yə təşəkkür edərək, bildirib ki, flaqmana təbrik düşür. Öz komandasının oyununa gəldikdə, bəzi futbolçuların oyuna tam hazır olmadıqları ehtimalını irəli sürüb: "Bunun fonunda nəticədən razıyam. Biz Gəncədə şahid olduq ki, çempionatda asan oyun yoxdur. Odur ki, matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik. Düşünürəm ki, "Anderlext”lə oyuna hazırlaşmaq üçün vaxtımız var".
"Neftçi"nin qolunda qapıçı İbrahim Şehiçin buraxdığı səhvə normal yanaşmalı olduqlarını bildirən 43 yaşlı mütəxəssis bosniyalı qolkiperin üstünə çox getməməyi məsləhət görüb. Onun fikrincə, dünyanın 1 nömrəli qapıçıları da belə səhvlər edirlər: "Bəzən olur ki, hücumçu 1 metrdən qol vura bilmir, bəzən də qapıçı belə asanlıqla top buraxır. Məncə, Şehiç öz üzərində çalışan qapıçıdır. Gələcək oyunlarda daha diqqətli davranacağına ümidvaram".
Sonda Qurbanov limitə görə orta sahədə istədiyi dəyişikliyi edə bilmədiyini etiraf edib: "Hər bir ölkədə limitlə bağlı dəyişiklik var. Hər uğursuz oyundan sonra legionerlərin azlığını qabartmaq olmaz. Mən əlimdə olan hər bir oyunçuya güvənirəm. Bəli, bəzən limitə görə orta sahədə tam istədiyim dəyişikliyi edə bilmirəm. Sadəcə onu deyim ki, hazır olan futbolçunu meydançaya buraxıram”.