İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Azərbaycan və Norveç yığmaları ilə AVRO-2016-nın seçmə qrup matçlarına çağırdığı futbolçulardan birini geri göndərib. Sportnet.az-ın məlumatına görə, bu, "Sassuolo"nun hücumçusu Domeniko Berardidir.
21 yaşlı forvard yığmaya zədəli halda gəlib. Tibbi müayinədən keçirildikdən sonra onun qarşıdakı oyunlara hazır olmadığı qənaətinə gəlinib. Lakin Berardinin yerinə yeni futbolçu götürülməyib. Konte onu Mario Balotelli ilə əvəzləmək niyyətində olmadığını bildirib: "Mən Marionu çağırmadım. O, öz üzərində yaxşı işləyir. Xahiş etdim ki, belə də davam etsin və yığmaya layiq olduğunu sübuta yetirsin".
Qeyd edək ki, hazırda İtaliya yığmasının düşərgəsində 26 futbolçu var. Azərbaycan millisi ilə matç oktyabrın 10-da Bakı Olimpiya Stadionunda olacaq. Bundan 3 gün sonra isə Romada Norveçlə qarşılaşma baş tutacaq.