Azərbaycan Premyer Liqasının son turunda AZAL-ı 3:1 hesabı ilə məğlub edən "Xəzər Lənkəran”ın qollarından ikisinə Kamran Abdullazadə, digərinə Sadio Tounkara imza atıb. Sportnet.az-ın məlumatına görə, bu futbolçulardan biri klub tarixində rəqib qapılarına yol tapanlar siyahısına düşübsə, digəri o siyahıdakı mövqeyini yaxşılaşdırıb.
İki dəfə fərqlənən Abdullazadə "Xəzər Lənkəran”da qol hesabını açıb. Bu matçadək 23-ü çempionatda olmaqla, 27 matçda rəqib qapısına yol tapa bilməyən yarımmüdafiəçi AZAL-la qarşılaşmada dubl müəllifi olub. O, cənubluların tarixinə qol sevinci yaşayan 99-cu oyunçu kimi düşüb. Belə ki, 2004-cü ildə yaradılan klubun buna qədərki rəsmi matçlarında 98 futbolçu rəqib qapısına qol vurmuşdu.
Mövsümdə ilk dəfə fərqlənən Tounkara isə "Xəzər Lənkəran”da 18-ci qolunu qeyd edib. Malili yarımmüdafiəçi klub tarixinin ən məhsuldar oyunçuları arasında 6-cı yerə şərik olub. Sadio qol sayında eyni göstəriciyə malik Rəşad Abdullayev, Vüqar Nadirov və Oqtay Dərəlioğluna çatıb. Hazırda Tounkara yalnız 5 futbolçudan - Zaur Ramazanov (44), Samir Əliyev (34), Rahid Əmirquliyev (32), Mario Souza (26) və İvan Svetkovdan (24) geri qalır.
Abdullazadə "Xəzər Lənkəran”ın tarixinə həm də dubl müəllifi olan 40-cı futbolçu kimi düşüb. Onun 2 qola imza atması ilə "ağ-yaşıllar"ın ümumilikdə 75-ci dublu rəsmiləşib. Bu matçadək futbolçularımız 74 dəfə bir oyunda 2 qol vurmuşdu. Zaur Ramazanov hamıdan çox – 8, Vüqar Nadirov 5, Samir Əliyevlə Etame Mbilla hərəyə 4 qarşılaşmada dubla imza atıb.