"Qəbələ”nin futbolçusu Ermin Zets bu gün "Zirə" ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının IX tur matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, bosniya və herseqovinalı hücumçu "gabalafc.az"a açıqlamasında çətin və maraqlı oyunun olacağını bildirib.
Onun fikrincə, "Zirə” debütant olmasına baxmayaraq, cari mövsümdə yaxşı oyun nümayiş etdirir: "Düşünürəm ki, futbolçuların ustalıq səviyyəsinə görə rəqibdən üstünük. Həm də dövrənin son qarşılaşmasını öz meydanımızda keçirəcəyik. Bu görüşdə qələbə qazanmalıyıq. Çünki azarkeşlərimiz önündə 3 xal əldə etməliyik. Bizim üçün bu xallar vacib olduğundan qalib gəlməliyik. Bunun üçün bacarığımızı ortaya qoyacağıq. Qalib gəlmək üçün öz oyunumuzu nümayiş etdirməliyik”.
Zets UEFA Avropa Liqasının qrup mərhələsinin iki gün əvvəl keçirilən "Borussiya” (Dortmund, Almaniya) ilə oyununu da (1:3) xatırlayıb: "Görüşün əvvəlində qol vurmaq üçün 2-3 çox yaxşı imkanımız oldu. Adətən belə imkanları qaçıran komanda sonda uduzur. Bizim oyunda da belə oldu. Əminliklə deyə bilərəm ki, ən yaxşı oyunlarımızdan birini keçirdik”.
Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçı saat 17:00-da başlanacaq.