Azərbaycan Premyer Liqasının XI turunda səfərdə minimal hesabla qalib gələn "Xəzər Lənkəran" sabah toplanır. Sportnet.az-ın məlumatına görə, cənublular "Rəvan" üzərindəki qələbədən sonra iki günlük istirahəti başa vurub Lənkəranda məşqlərinə start verəcək.
Son matçda zədələnərək oyunu erkən tərk edən Adrian Skarlatakenin durumu bəlli olub. Təcrübəli futbolçu "sol ayağın diz nahiyəsi arxa bağlarının qopması" ilkin diaqnozu ilə iki aylıq sıradan çıxıb.
Son həftə ərzində Orxan Əliyevdən sonra "Xəzər Lənkəran"ın ikinci futbolçusu əməliyyat olunacaq. Uzun müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanovdan isə xoş xəbər var. O, sabahdan etibarən fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti tur çərçivəsində noyabrin 8-i saat 16:00-da Ağdamın "Qarabağ" klubu ilə qarşılaşacaq.