2015-ci ildə son matçını keçirən Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qalib gələn yığmanın heyətində "Xəzər Lənkəran"ın 2 futbolçusu meydana çıxıb.
90 dəqiqə meydanda olan Rahid Əmirquliyev ardıcıl 8-ci oyunda əvəzolunmadan iştirak edib. O, 2015-ci ildə yığmanın heyətində bütün qarşılaşmalarda 90 dəqiqə forma geyinən yeganə oyunçudur.
Millidə 48-ci oyununu keçirən Əmirquliyev ilk dəfə komandanın kapitanı olub. O, yığma tarixinin 25-ci kapitanıdır. Yarımmüdafiəçi millidə buna layiq görülən 3-cü "Xəzər Lənkəran"lıdır. 2007-ci il oktyabrın 17-də Serbiya ilə AVRO-2008-in Bakıdakı seçmə oyununda (1:6) yığmamızın kapitanı Ceyhun Sultanov həmin vaxt "ağ-yaşıllar"ın üzvü idi. 2012-cü il noyabrın 14-də DÇ-2014-ün Şimali İrlandiya ilə Belfastdakı görüşündə (1:1) cənubluları təmsil edən Ruslan Abışov da kapitan olub.
Ümumilikdə isə Əmirquliyev millidə keçirdiyi oyunların 48-də də "Xəzər Lənkəran"ı təmsil edib. Onun kimi Moldova ilə oyunda iştirak edən Elşən Rzazadə sonradan meydana çıxıb. 22 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə oyuna daxil olub. Karyerasında ilk dəfə milli formasını geyən Rzazadə "Xəzər Lənkəran"ın tarixinə Azərbaycanın əsas yığmasında oynamış 27-ci təmsilçisi kimi düşüb. Klubun yarandığı 2004-cü ildən bu oyunadək "ağ-yaşıllar"ın 26 üzvü millinin matçlarında meydana çıxıb ki, onlardan sonuncusu olan Elnur Cəfərov ötən ay Bolqarıstanla Sofiyadakı görüşdə bu siyahıya daxil olub. Əmirquliyevin başçılıq etdiyi bu cədvəldə Kamran Ağayev (31), Elnur Allahverdiyev (19), İlqar Qurbanov (16), Branimir Subaşiç (12), Emin Quliyev (11) və Vüqar Nadirov (11) da ön sıralardadır.
Digər lənkəranlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi U-21 millisi isə Avro-2017 seçmə mərhələsi çərçivəsində evdə Rusiyadan olan həmyaşıdlarını 3:0 hesabı ilə darmadağın edib. O, start heyətində yer alıb və 63 dəqiqə meydanda olub.
Həmçinin bu həftə U-17 milli komandasının seleksiya təlim-məşq toplantısı keçiriləcək. "Xəzər Lənkəran"ın iki futbolçusu, əvəzedici və U-17 qrupunun aparıcı üzvləri Kənan Həsənov və Kamal Dənziyev də toplanışa çağırılıblar.