"Bütün oyunlarımız çətin keçir. Yəqin ki, "Rəvan"la görüşümüz də belə olacaq. Rəqib yeni baş məşqçi gələndən sonra yaxşı nəticələr göstərir. Ona görə də gərgin oyun olacaq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Ceyhun Cavadov klub saytına açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının XIV turunda keçiriləcək "Rəvan"la oyun öncəsi fikirlərini bildirən gənc futbolçu bunları bildirib: "Matçın əhəmiyyətini yaxşı başa düşürük və ciddi yanaşırıq. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. Vaxt az olsa da, oyuna yaxşı hazırlaşmışıq. "Rəvan”ın turnir cədvəlindəki yeri gərək bizi aldatmasın. Yaxşı yerli futbolçuları var. Qitə miqyaslı turnirdə oynamaq istəyiriksə, mütləq qış fasiləsinə kimi bütün oyunları udmalıyıq".
"Kəpəz"də icarə əsasında çıxış edən Cavadov "Rəvan"a məxsusdur. O, baş məşqçi Şahin Diniyevin şans verəcəyi təqdirdə müqavilə ilə məxsus olduğu kluba qarşı oynayacağını qeyd edib: "Əlbəttə, şans gözləyirəm. Şahin müəllim nə vaxt məni meydana buraxmağın lazım olduğunu bilir. Oynamağa hazıram, belə imkan qazansam, əlimdən gələni edəcəyəm".