
Qazaxıstanın "Ordabaşı" klubunun futbolçusu Edin Yunuzoviç "Zirə" ilə Türkiyənin Antalya bölgəsində keçirdikləri yoxlama matçı barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı hücumçu sports.kz-yə müsahibəsində Azərbaycan Premyer Liqasının qalan bölümünə hazırlığın həlledici mərhələsində olan güclü komandaya qarşı yaxşı oynadıqlarını bildirib.
O deyib ki, yoldaşlıq görüşü olmasına baxmayaraq, qalib gəlməyi və toplanışa yaxşı nəticə ilə başlamağı çox istəyiblər. Yunuzoviç təkcə özünün deyil, komandasının bütün qollarının gözəl alındığını vurğulayıb: "Sizi əmin edirəm: Vladimir Radivoyeviç də gözəl kombinasiyadan sonra əla qol vurdu, Azat Nurqaliyev də, Davran Kaykibasov da. Mənim qolum da yaxşı alındı. 22 metrlik məsafədən düz "9-luğ"a tuş gəldi".
Qeyd edək ki, "Ordabaşı"nın "Zirə"ni 4:1 hesabı ilə məğlub etdiyi görüşdə Edin Yunuzoviç sonuncu qolun müəllifi olub.









































































