Bir müddət öncə "Kəpəz"in 19 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin edilən Vidadi Rzayev təyinatı barədə danışıb. Sportnet.az-ın məlumatına görə, klub saytına danışan 48 yaşlı mütəxəssis hər gün futbolçuları şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxardığını bildirib.
V.Rzayev rəhbərliyin təklifindən danışıb: "Klub rəhbərliyi mənə 19 yaşlılarla işləməyi təklif etdi və mən də dəvəti qəbul etdim. Mənə etimad göstərənlərə, bu vəzifəyə layiq görənlərə minnətdarlığımı bildirirəm. Böyük etimad göstəriblər və ümidləri doğrultmağa çalışacağam. Özümü işin öhdəsindən gəlməyə hazır və qadir sayıram".
Futbolçu kimi Gəncə təmsilçisinin heyətində oynayıb, eləcə də karyerasını başa vurduqdan sonra məşqçi kimi komandada çalışan mütəxəssis məqsədin komandaya aşağı yaş qruplarında futbolçu dəvət etmək olduğunu söyləyib: "Futbolu çox sevirəm, ömrümün yarısından çoxunu futbola həsr etmişəm. "Kəpəz”də həm oynamışam, həm də məşqçi kimi işləmişəm. Bu, çox xoşdur. Çətinliklərdən qorxan, çəkinən adam deyiləm. Meydança ilə bağlı bir az problemimiz var, inanıram ki, tezliklə bu da yoluna qoyulacaq. Rəhbərlik komandalara uyğun şərait yaratmaq üçün çalışır".
O, əsas vəzifəsinin çempionatda zəif təsir bağışlayan U-19 komandasını düşdüyü çətin vəziyyətdən çıxartmaq olduğunu qeyd edib: "Görüləsi çox işimiz var. Amma çətinlikləri dəf edə biləcəyimizi düşünürəm. Komandaya baxıram, heyətdə yaxşı uşaqlar var. Məndən əvvəl komandada baş məşqçi işləmiş Fuad İsmayılov əlindən gələni edib. Fikrimiz aşağı yaş qruplarından komandaya yeni futbolçular dəvət etməkdir. 17 yaşlılara nəzər yetirmişəm, aralarında perspektivli oyunçular var. Onlarla işləmək həvəs yaradır. Bizdə yetişən, seçilən uşaqlar isə gələcəkdə əvəzedici heyətə və əsas komandaya dəvət ala bilərlər. Gənclərə yol açmaq, şans vermək lazımdır. Çalışacağıq ki, öz uşaqlarımız klubumuz üçün faydalı olsunlar".
Qeyd edək ki, Vidadi Rzayev U-19 komandasının baş məşqçisi kimi çempionatda fevralın 10-da "Zirə" ilə səfər oyununda rəsmi debüt edəcək.