Futzal üzrə Azərbaycan millisi Serbiyada keçiriləcək Avropa çempionatı öncəsi hazırlıq prosesinin son mərhələsinə qədəm qoyub. Sportnet.az xəbər verir ki, AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev "Report"a açıqlamasında hazırlığın ikinci mərhələsinin yanvarın 30-dək davam edəcəyini bildirib.
Bu həftə ərzində komandanın yoxlama görüşü nəzərdə tutulub: "Rəqib hələ dəqiqləşməyib. Ya klublardan biri, ya da klubların yığması ilə görüş keçiriləcək. Bundan sonra yekun heyət müəyyənləşəcək. Yanvarın 31-i səhər Bakı-İstanbul-Belqrad reysi ilə Serbiyaya yollanacağıq".
A.Xudiyev toplanışda iştirak edən 17 futzalçıdan 14-nün Aropa çempionatına aparılacağını bildirib. O, komandanın hədəfini də açıqlayıb: "Hər kəs ciddi hazırlaşır. Minimum hədəfimiz qrupdan çıxmaqdır. Çalışacağıq ki, 1/4 finala yüksəlmək üçün hər iki oyunda lazım olan nəticəni əldə edək. Bu mərhələdə rəqibimiz Rusiya, Qazaxıstan və Xorvatiya komandalarından biri ola bilər".
Azərbaycan futzalçıları Avrpa çempionatının ilk oyununa fevralın 3-də çıxacaqlar. Rəqib İtaliya yığması olacaq. İkinci görüş isə ayın 5-i Çexiyaya qarşı keçiriləcək. Hər iki qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibləri 1/4 finala yüksələcək.