1992-ci ildə keçirilən ilk milli çempionatımızdan rəqib olan "Kəpəz"lə "Qarabağ" qarşıdakı turda görüşü yubiley olacaq. Sportnet.az-ın məlumatına görə, əyalət təmsilçisi Premyer Liqamızda 40-cı dəfə görüşəcək.
Ən diqqətiçəkən məqam isə baş məşqçi Şahin Diniyevlə bağlıdır. Məsələ ondadır ki, "Kəpəz" Ağdam təmsilçisini 14 oyundur məğlub edə bilmir və son qələbəsini də 14 il öncəyə təsadüfi edir. Bu, başa çatmayan 2001/02 mövsümündə, 2002-ci ilin aprelin 6-da "altılığı"ın 3-cü turunda 3:0 hesablı qələbədir. Gəncəlilər onda böyükhesablı qələbəni ikinci hissədə Rövşən Əhmədov (48-ci dəqiqə), Ruslan Sadıqov (64-cü dəqiqə) və Rövşən Süleymanovun (77-ci dəqiqə) vurduğu qollarla qazanmışdı.
Maraqlıdır ki, həmin vaxt "Qarabağ-Azərsun" adlanan komandanın baş məşqçisi məhz Şahin Diniyev idi. Yəni göründüyü kimi, "Kəpəz" rəqibi üzərində son qələbəni indiki çalışdırıcısı üzərində qazanıb. Həmin vaxt Gəncə klubunun "sükanı arxası"nda isə ona bütün titulları, mükafatları qazandırmış Mehman Allahverdiyev olub.
Təcrübəli mütəxəssis isə hazırda "Kəpəz"in rəhbərliyində yer alıb və icraçı-direktor postunu tutur. Ümumiyyətlə, Diniyev üçün "Qarabağ"la duellər uğursuz alınır. O, komanda "Gəncə" adlanan dövrdə çalışdıran vaxtda da rəqibinə qalib gələ bilməyib. "Kəpəz" cari mövsümdə ağdamlılarla hər 2 oyundan da məğlub ayrılıb – evdə 2:3, səfərdə 0:3.
Mehman SÜLEYMANOV