Bu gün keçirilən bir oyunla Azərbaycan Premyer Liqasının XXI turuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Zirə" doğma azarkeşlər önündə "Rəvan"la üz-üzə gəlib.
Bu görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edirdi. "Zirə" 3 xal əldə edəcəyi təqdirdə, turnir cədvəlinin lideri "Qarabağ"la xal fərqini 6-ya endirəcəkdi. FIFA İntizam Komitəsinin müraciəti əsasında yanvarın 26-da AFFA tərəfindən 6 xalı silinən "Rəvan" isə ən yaxın qonşusu "Xəzər Lənkəran"la xal fərqini azaltmaq üçün mütləq səfərdən qalib dönməli idi. Qonaqlar sona doğru bir xal qazanma şansı əldə etsələr də, "Zirə"nin əldə etdiyi penaltidən sonra planlar pozulub. Beləliklə, dubl edən Nelson Bonilya ilk dövrədə olduğu kimi, "Zirə"nin 2:1 hesablı qələbəsinin səbəbkarı olub. Bu, "qartallar"ın qış fasiləsindən sonra ardıcıl 3-cü qələbəsi olub.
Azərbaycan Premyer Liqası, XXI tur
18:30. "Zirə" – "Rəvan" - 2:1
Qol: Nelson Bonilla, 23; 86-penalti ilə - Yamin Ağakərimzadə, 83
Qırmızı vərəqə: Kənan Müslümov, 85 ("Rəvan")
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, AZAL və "İnter" komandaları arasında Şüvəlanda keçirilmiş turun açılış oyununda qolsuz heç-heçə qeydə alınıb. Digər oyunlarda isə "Neftçi" Bakıda "Xəzər Lənkəran"ı (1:0), "Qarabağ" səfərdə "Kəpəz"i (2:1), "Qəbələ" isə öz meydanında "Sumqayıt"ı (1:0) məğlub edib.