"Əvvəlcədən də dediyimiz kimi, Premyer Liqada öz yerimizi qorumağa çalışırıq. İkinci yerdə olmağımıza baxmayaraq, bəzi çatışmazlıqlar var. Çalışacağıq ki, bunları aradan qaldıraq və komandanı bir az da gücləndirək". Bunu Sportnet.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib.
Elitadakı ilk mövsümündə uğurlu çıxış edən komandanın baş məşqçisi bu cür nəticənin qazanılmasında klubdakı hər kəsin əməyinin olduğunu bildirib. O, komandanın hədəflərindən danışıb: "Bu tək mənim işim deyil. Uğurumuz birgə çalışdığımız rəhbərliyin, məşqçilər heyətinin zəhmətinin nəticəsidir. Bu, kollektiv işidir. Hər bir komandanın qarşısında bir məqsəd var. Bizim ilk hədəfimiz komandanı möhkəmləndirmək, inkişaf etdirməkdir. Çempionatda birinci yerdə "Qarabağ"dır. "Qarabağ"ı keçmək futbolçular üçün stimuldur. Futbolda mümkünsüz heç nə yoxdur. "Qarabağ"a çatmaqdan çox, çempionatda möhkəmlənmək haqda düşünürəm. Hazırda hər bir oyuna çıxanda qələbə haqda düşünürük. Bu, istər AZAL olsun, istər "Rəvan", "Qarabağ" və ya digər komandalar. Çempionatımızda sağlam rəqabət var. Hər kəs bir-birindən xal alır. Biz tək "Qarabağ"dan yox, bütün komandalardan xal almağı düşünürük".
A.Şükürov Azərbaycan Premyer Liqasının XXI turunda "Rəvan"ı 2:1 hesabı ilə yendikləri oyundan da danışıb. 39 yaşlı mütəxəssis oyun zamanı komandanın üzvləri Viktor İqbekoyi və Yovan Krneta arasında yaşanan mübahisəyə aydınlıq gətirib: "Oyundan sonra futbolçularla danışdıq. Bildirdik ki, bu, bizim komandaya yaraşmayan hərəkətdir. Hər ikisi legioner futbolçulardır və aralarında anlaşılmazlıq olub. Ola bilər nəsə səhv deyilib və digəri də yalnış anlayıb. Paltardəyişmə otağında hər şeyə aydınlıq gəldi. Bu, sadəcə anlaşılmazlıq idi. Məsələ isə öz həllini tapdı".
A.Şükürov AFFA-nın baş katibi Elxan Məmmədovun "Zirə"nin avrokuboklarda çıxış etməsi ilə bağlı səsləndirdiyi fikirlərə isə belə münasibət bildirib: "Yəqin ki, Elxan müəllim nəsə bilir ki, belə deyir. Bu işlərlər rəhbərlik maraqlanır. Belə məsələlər rəhbərliyə aiddir".