Nelson Bonilya Azərbaycan Premyer Liqasında rekordçular sırasına yüksəlib. Sportnet.az-ın məlumatına görə, "Zirə”nin hücumçusu debüt etdiyi milli çempionatda 2-ci "dubl"una imza atıb.
Bu, son turda "Rəvan” üzərində 2:1 hesabıyla qalib gəldikləri matçda olub. 26 yaşlı forvard 23-cü dəqiqədə kombinasiyalı hücumu, 86-cı dəqiqədə isə penaltini qola çevirib.
Maraqlıdır ki, Bonilya ilk "dubl"unu də Zirədə etmişdi. Bu, 10-cu turda "Kəpəz”lə 2:2 hesabı ilə nəticələnmiş matçda baş verib. Lakin həmin vaxt amerikalıya 2 qol vurmaq üçün cəmi 9 dəqiqə (28 və 37-ci dəqiqələrdə) bəs edib.
Bonilya bu mövsüm 2 dəfə "dubl" edən 3-cü futbolçu olub. Daha öncə fərqlənənlər "Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda ilə "Sumqayıt”ın gənc hücumçusu Amil Yunanovdur. Almeyda, ümumiyyətlə, cari mövsümdə ilk "dubl"un müəllifidir. O, hələ ilk turda "Qəbələ” ilə səfər matçında (2:2) fərqləndikdən sonra 8-ci turda "Zirə” ilə ev oyununda (4:1) bir daha öz sözünü deyib. Almeyda "dubl" etdiyi matçlarda mütləq qollardan birini penaltidən vurur. Braziliyalı futbolçudan fərlqi olaraq, Yunanovun "dubl"ları ikinci dövrəyə təsadüf edib. Bu, XVI turda "İnter”lə səfər matçında (2:3) və bundan 2 tur sonra "Rəvan”la ev oyununda (2:2) olub. Yunanovun "dubl"larının özəlliyi ondadır ki, o, hər 2 qolunu adətən, ilk hissədə vurub.
Göründüyü kimi, Bonilya 2 dəfə "dubl" etmə göstəricisində Almeydaya çatıb. İndi qalır o birisi – bombardirlik marafonu. Axı bu mübarizənin lideri 8 qolla məhz Almeydadır. Bonilya ilə Yunanov hərəyə 6 qolla həm komandalarının ən sərrast oyunçuları, həm də bombardirlik yarışında "Qarabağ”ın braziliyalı legionerinin izləyiciləridir.
Qeyd edək ki, Nelson Bonilya 1992-ci ildən keçirilən Azərbaycan çempionatınn iştirakçısı olan ilk və hələ ki yeganə salvadorlu futbolçudur.
Mehman SÜLEYMANOV