Şəkildə mənimlə birgə olan bu 2 insan öz sahələrinin tanınmış nümayəndələridir. İqor Ponomaryov futbolumuzda, Sənan Şəfizadə idman mətbuatında iz buraxıb. Hər ikisi məhz bu ayda dünyaya gəlib. Fevralın 14-də Sənanın, bundan düz 10 gün sonra İqor Anatolyeviçin ad günüdür. Bu gün onun 56 yaşı tamam olur.
Maraqlı təsadüfə bax, təkcə "Neftçi”nin yox, futbolumuzun layiqli təmsilçiləri olan insanların bir neçəsi məhz fevralda dünyaya gəlib - Yunis Hüseynov, Nazim Süleymanov, Anatoli Banişevski, İqor Ponomaryov. Rus millətinin təmsilçiləri olan son ikisinin, "Neftçi”nin tarixində ən yaxşı "9 nömrə”lərin ad günləri ümumiyyətlə, dalbadaldır.
Yeganə Olimpiya çempionu, dünya və Avropa çempionatının mükafatçısı
Futbol həyatına nəzər salsaq, Ponomaryovu fərqləndirən bir sıra məqamları görə bilərik. Əvvəla, o, futbolumuzda yeganə Olimpiya çempionudur. Belə gedişlə keçmiş yarımmüdafiəçi hələ uzun müddət bu adı daşıyan yeganə azərbaycanlı olacaq. Hər halda, gənclər yığmamızın nəinki Olimpiya çempionu olması real deyil, heç Olimpiadaya düşməsi ən azı yaxın gələcək üçün inandırıcı görünmür. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında Ponomaryov zədə üzündən cəmi 1 matçda meydanda olsa da, Anatoli Bışovetsin baş məşqçi olduğu çempion heyətin bir üzvü idi.
Səbəbkar dünya və Avropa çempionatının mükafatçısı olması ilə də seçilir. O, 1978-ci ildə yeniyetmələr (U-19-lar) arasında Avropa çempionatının qalibi, 1 il sonra gənclər arasında dünya çempionatının gümüş medalçısı olub.
Penaltilərin mahiri ifaçısı və İsveş çempionu
Ponomaryov təkcə "Neftçi”də yox, SSRİ-də penaltiləri ən yaxşı yerinə yetirən futbolçu kimi damğasını vurub. O, 11 metrlik cərimə nöqtəsinə yaxınlaşanda, qapıçılar artıq qol olması iiə barışırdılar. Zərbələri çox soyuqqanlıqla yerinə yetirən, əsəbləri möhkəm olan İqor Anatolyeviç penaltilərin mahir ifaçısı kimi bütün SSRİ-də məşhurlaşıb. Hətta ardıcıl dəqiq vuruşlarına görə keçmiş ittifaqda rekordçu olub. Ponomaryov SSRİ çempionatında ardıcıl 24 penaltini qolla tamamlaya bilib. Ümumiyyətlə, o, karyerasında 34 belə zərbədən 31-də topu tora qovuşdurmağa müvəffəq olub.
İqor Anatolyeviç SSRİ-dən kənarda oynayan və ən əsası, çempion olan ilk və yeganə təmsilçimiz olub. Bu, 1989-cu ildə yollandığı İsveçin "Norrçöpinq” klubunda reallaşıb. Özü də Ponomaryovun komandası "Malmö” ilə finalda qələbəni məhz oyunsonrası penaltilərlə qazanıb. Yeri gəlmişkən, bundan sonra çempionluq qazana bilməyən "Norrçöpinq” yalnız ötən il həsrətə son qoya bilib. Ponomaryov isə həmin vaxtdan bu yana yaşadığı İsveçdə aşağı liqada da olsa məşqçi karyerası yaşayıb.
Milli komandamızda uzun müddətli rekordçu
Ponomaryovun daha bir fərqliliyi milli komandamızda işlədiyi dövrdə olub. Əvvəla, baş məşqçilərimiz arasında ilk olaraq o, bütün seçmə mərhələni əvvəldən sonadək işləyib. Bu göstərici Berti Foqtsun gəlişinədək yalnız İqor Anatolyeviçə məxsus idi. O, 2012-ci il dünya çempionatının seçmə mərhələsində topladığı 5 xalla da tarixə düşüb. Bu, Foqstun ilk seçmə mərhələsinədək, yəni 8 il rekord kimi qalıb, sonra almaniyalı mütəxəssis tərəfindən yeni rekord qeydə alınıb.
Ancaq Ponomaryovun məşqçilik karyerası futbolçu həyatı kimi uğurlu alınmayıb. 2004/2005 mövsümündə rəhbərlik etdiyi "Qarabağ”la son turlaradək 1-ci yerdə gedərək çempionluğa ən real namizəd olsa da, sonda mükafatçılar sırasına da düşə bilməyib. "Xəzər Lənkəran”ın isə 2008/2009 mövsümünün ikinci yarısında baş məşqçisi olsa da, onunla da medal qazana bilməyib. Rusiyanın birinci divizion təmsilçisi "Maşuk KMB”də də fəaliyyəti qısamüddətli olub.
İqor Anatolyeviç həm də futbolçu atası olub. Ancaq onun oğlu, babasının adını daşıyan Anatoli uğurlu karyeraya malik ola bilməyib. Ata və oğul Ponomaryovları eyni ampluada çıxış etmələri - oyun qurucusu olmaları və karyeralarını 29 yaşında bitirmələri birləşdirir. Anatoli bir vaxtlar milli komandamızın üzvü idisə, artıq xeyli müddətdir ölkəmizi FİFA agenti kimi təmsil edir.
Mehman SÜLEYMANOV