"Qarabağ" klubunda 26 fevral Xocalı faciəsi qurbanlarının anım tədbiri keçirilib. Sportnet.az-ın məlumatına görə, klub prezidenti Tahir Gözəlin də qatıldığı görüşdə ilk olaraq faciədə dünyasını dəyişənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Ardınca T.Gözəl 1992-ci ildə baş vermiş faciə haqda danışıb. O, faciəni bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsü kimi dəyərləndirib. Klub prezidenti 600-dən çox günahsız insanın qətl edilməsinə heç bir don geyindirməyin mümkün olmadığını bildirib, yüzlərlə günahsız insanın qətlə yetirilməsinin arxasında heç bir torpaq, milli inancın dayana bilməyəcəyini qeyd edib. T.Gözəl Xocalıda baş verənləri insanlıq üçün utanc adlandırıb, qətlə yetirilən uşaqların, sadəcə, Azərbaycanın deyil, bütün xalqların övladları olduğunu bildirib. O, hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb. Suriya və dünyanın başqa yerlərində tökülən insan qanlarının çox ağır olduğunu bildirən klub prezidenti bütün dünyaya sülh, qansız, müharibəsiz həyat arzuladıyıb.
Qeyd edək ki, tədbirdə klubun direktoru Emrah Çelikel, eləcə də baş məşqçi Qurban Qurbanov və futbolçular iştirak edib.