"Deyiləcək yalnız bir söz var: Komandamız turdan-tura öz oyununu tapır. Bu, çox sevindirici haldır. Komandamızı dəstəkləyən azarkeşlər əlavə güc verir. 12-ci oyunçu kimi kömək edirlər". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov "Neftçi"ni 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
O bildirib ki, oyundan öncə 3 top barədə fikirləşməyiblər: "İlk yarıda "Neftçi" azlıqda qaldı. Rəqibin üzləşdiyi vəziyyətdən yararlanaraq, 3 qolla istəyimizə nail olduq".
Gənc mütəxəssis Anar Nəzirovla "dubl" müəllifi Tatonun start heyətində yer almamasının səbəbini də açıqlayıb: "Heç vaxt futbolçularımızı əsas və ehtiyat oyunçulara bölmürük. Anar Nəzirovun xırda zədəsi vardı. Tatonun isə axırda bizə kömək edə biləcəyini düşündük və bu, bizə kömək etdi".
Şükürov Premyer Liqada 8-ci qolunu vuraraq, Riçard Almeydanın bombardirliyinə şərik çıxan Nelson Bonilyanın gələcəkdə də belə davam edəcəyinə ümidvar olduğunu vurğulayıb: "Çempionat uzun marafondur. Çalışacağıq ki, Bonilya gələcəkdə də qol vurmaqda davam etsin".
Qeyd edək ki, bu, "Zirə"nin qış fasiləsindən sonra ardıcıl 5-ci qələbəsi olub.