Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk dəfə eyni gündə keçirilmiş tur qonaqlar üçün uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, rəqib meydanında çıxış edən komandalar şənbə günündə baş tutan XXIII turda nəinki qalib gələ bilməyiblər, hətta 5 oyuna cəmi 1 qol vura biliblər.
Bu da "Qarabağ”ı kapitanı Rəşad Sadıqovun son dəqiqələrdə (88-ci dəqiqə) məğlubiyyətdən xilas etdiyi qoldur. Amma Sadıqov mərkəz müdafiəçisidir. Bu isə o deməkdir ki, qonaqların hücum xətti bu turda təmiz "dişsiz” olub. Cari çempionatda 9, 14 və 19-cu turlarda da səfərdə oynayanların cəmi 1 qol vurduqlarını nəzərə alsaq, antirekordun təkrarı qeydə alınıb.
Qış fasiləsinədək çempionluq intriqasının qalmadığı haqda çox danışırdılar. Lider "Qarabağ” ən yaxın izləyicisi "Zirə”ni 9 xal qabaqlayırdı. Ancaq hələ üçüncü dövrənin ortasında vəziyyət xeyli dəyişib. "Qarabağ” növbəti xal itkisi, "Zirə”nin qələbə seriyasını davam etdirməsi aradakı xal fərqini 4-ə endirib. Bu komandalar arasında hələ 2 oyunun qaldığını nəzərə alsaq, debütant şəxsi matçlarda nəinki fərqi daha da azalda, hətta rəqibini keçə bilər.
Ümumiyyətlə, "Qarabağ” fasilədən sonra səfərdə elə də uğurlu çıxış etmir. Təsadüfi deyil ki, AZAL-a məğlub olan ağdamlılar az qala "İnter”ə də yeniləcəkdi. "Kəpəz”lə Gəncədəki oyunda isə qələbəni sona yaxın qoparmaq mümkün olmuşdu. "Qarabağ” inamlı qələbələrini evdə qazanıb.
"İnter”də Nizami Hacıyev kapitanlıq sarğısını daşıyandan sonra uğurlu çıxışı ilə diqqət çəkir. Yarımmüdafiəçi ardıcıl 2-ci oyundur rəqib qapısına yol tapır və komandasına vacib xallar qazandırır.
"Neftçi” ardıcıl 2-ci səfər oyununda meydanı qol vurmadan məğlub tərk edib. Ümumiyyətlə, "ağ-qaralar” "Zirə” ilə 3 oyunda cəmi 1 qol vura bilib, o da evdə. "Ağ-qaralar” 6-cı pilləni də itirmək təhlükəsi ilə üzləşib. Ən yaxın izləyicisi AZAL flaqmanla xal fərqini 2-yə endirə bilib. AZAL-dan söz düşmüşkən, komanda qış fasiləsindən sonra evdə 2-ci qələbəsini də 1:0 hesabı ilə qazanıb. Fərq ondadır ki, əvvəl lider "Qarabağ”, indi isə son pillənin sahibi "Rəvan” "AZAL Arena”da yenilib. "Təyyarəçilər” "Rəvan”ı bu mövsüm "AZAL Arena”da ikinci dəfə 1:0, özü də gürcüstanlı legioner Nuqzar Kvirtiyanın qolu ilə məğlub edib. Tərlan Əhmədovun komandasının bu dəfə qələbəni azlıqda qazanması, qolu 10 nəfərlə vurması, üstəlik, Kvirtiyanın fərqlənəndən sonra penaltini vura bilməməsi diqqət çəkir.
Turun əyalətdə keçirilən oyunları eyni hesabla nəticələnib. Nə Gəncədə, nə də Qəbələdə qapılara qol vurulub. "Kəpəz” 3-cü oyundur qalib gələ bilmir və yenidən "qara zolağ”a düşüb. Bu, Şahin Diniyevin komandasını mükafatlar uğrunda mübarizədə geri salır. "Qəbələ” isə ilk dövrədə 6 cavabsız qol vurduğu "Xəzər Lənkəran”ın qapısına bu dəfə heç 1 dəfə də yol tapa bilməyib. Sözsüz ki, turun ən gözlənilməz nəticələrindən biri məhz Qəbələdə qeydə alınıb. Hazırda 3-cü pillədə olan Roman Qriqorçukun komandasının 2-ci yerdə gedən "Zirə” ilə xal fərqi 6-dək artıb.
Mehman SÜLEYMANOV