"İnter”in kapitanı Nizami Hacıyevin məhsuldarlığı davam edir. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi çempionatda ardıcıl 3 oyundur qol vurur. "Kəpəz” və "Qarabağ”la "İnter Arena”dakı oyunlarda bunu nümayiş etdirən Nizami bu dəfə səfərdə qol vurub. O, "Sumqayıt”la "Kapitan Bank Arena”da keçirilən matçda fərqlənib.
Maraqlıdır ki, Hacıyev bu oyunların hamısında hesabı açıb və iki matçda (1:0) komandasına qələbə qazandırıb. "Qarabağ”la 1:1 hesablı bərabərliyi də nəzərə alsaq, "İnter” bu 3 matçda aktivinə 7 xal yazıb.
Nizami isə bu qolçuluğu ilə hesabına artıq 5 qol yazıb və bombardirlər siyahısında liderlər qrupuna bir qədər də yaxınlaşıb. O, ardıcıl qollar üzrə də cari çempionatın rekordunun bir addımlığındadır. Həmin rekord "Sumqayıt”la dünənki matçda Nizaminin rəqibi olmuş Amil Yunanova məxsusdur. Belə ki, gənc hücumçu ikinci dörvrənin sonunda ardıcıl 4 oyunda (6 qol) vura bilib.
Göründüyü kimi, Hacıyev daha qol vursa, Yunanovun rekorunda şərik olacaq. "İnter"in növbətu turda autsayder "Rəvan”la ev oyunu olduğundan, Nizaminin yenə fərqlənmək şansı yüksəkdir.
Mehman Süleymanov