Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra qonaqlar üçün ən uğurlu tur olub. Sportnet.az-ın məlumatına görə, 24-cü turda 5 oyundan 4-də qonaqlar meydanı qalib tərk edib.
Meydan sahiblərinin imicini lider "Qarabağ” qoruyub. Bununla səfərdə məğlub olan yeganə qonaq komanda "Zirə” olub. Turun mərkəzi oyunu məhz bu komandaların iştirakı ilə "Azərsun Arena”da baş tutub. "Qarabağ” "Zirə”ni ilk dövrədə olduğu kimi evdə yenməkdə çətinlik çəkməyib. Bununla da lider ən yaxın izləyicisi ilə xal fərqini yenidən 9-a yüksəldib. Məğlubiyyət "Zirə”nin çempionluq şansını azaldıb. Bu azmış kimi, Adil Şükürovun yetirmələri 2-ci yerdəki mövqeyini də itirmək təhlükəsi ilə üzləşib. Çünki "Qəbələ” "Neftçi” üzərində səfər qələbəsi sayəsində "Zirə” ilə xal fərqini 3-ə endirib və növbəti turda onu qonaq edəcək. Deməli, Roman Qriqorçukun yetirmələri qalib gələrsə, debütantla xalını bərabərləşdirəcək və hətta şəxsi göstəricilərə görə onu qabaqlaya bilər.
"Qəbələ”nin ən yaxın izləyiciləri olan "İnter”lə "Kəpəz” səfər qələbələri sayəsində xal fərqini saxlaya bildilər. "Bankirlər” "Sumqayıt”a cari çempionatda nəhayət ki qalib gəldi. "Kəpəz” 1 aylıq qələbə həsrətinə son qoya bildi. AZAL-a isə səfər qələbəsi turnir cədvəlində 6-cı yeri "Neftçi”nin əlindən almağa imkan verdi. "Təyyarəçilər” növbəti turda qəbul edəcəyi "Neftçi”ni artıq 1 xal qabaqlayır.
Autsayderlər qış fasiləsindən sonra kubokda qalib gəlsələr də, çempionatda buna nail ola bilmirlər. Üstəlik, "Xəzər Lənkəran” bu il Premyer Liqada hələ də qol vura bilməyib.
Onu da qeyd edək ki, bombardirlər siyahısında liderlər qrupunda olan futbolçulardan heç biri bu turda fərqlənə bilməyib. Bunlar təkcə 8 qolla liderlərə yox, 7 və 6 qolla onların ən yaxın izləyicilərinə də aiddir. "İnter"in kapitanı Nizami Hacıyevlə "Kəpəz"in braziliyalı legioneri Junior Osvaldo hesablarına 5-ci qollarını yazdılar və PFL-nin açıqladığı bombardirlər siyahısında olan futbolçulara bir qədər də yaxınlaşdılar.
Mehman SÜLEYMANOV