Qurban Qurbanov İcraiyyə Komitəsində də fərqləndi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbolunda növbəti ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis AFFA-nın İcariyyə Komitəsinə (İK) fəaliyyətdə olan baş məşqçi kimi üzv seçilib.
Əslində, İK-da futbol mütəxəssisləri, keçmiş məşqçilər az olmayıb. Qurbanovdan fərqli, qurumun əvvəlki vaxtında üzv seçilən Kazbek Tuayev, Vaqif Sadıqov, İsgəndər Cavadov belələri sırasındadır. Düzdür, Cavadov Tuayev və Sadıqovla müqayisədə baş məşqçi işləməyib, milli komandaya rəhbərlik etməyib. Maraqlıdır ki, Qurban Qurbanov bu 2 mütəxəssisin rəhbərliyi altında millimizdə oynayıb.
Göründüyü kimi, İK-da futbol mütəxəssislərinin sayı artır. Halbuki, Fuad Musayev AFFA prezidenti olan dövrdə onlar ümumiyyətlə, qurumdan kənarda qalırdı. Musayevi Ramiz Mirzəyev əvəzlədikdən sonra vəziyyət dəyişib. "Cığıraçanlar” isə Tuayevlə Cavadovla idilər və onlar 12 -13 ildir fasiləsiz bu qurumda təmsil olunurlar. Ələkbər Məmmədov da İK-ya üzv seçilib. Amma o, 2014-cü ildə dünyasını dəyişib. Bundan sonra yerinə Vaqif Sadıqov seçilib.
Qurbanov hazırkı İK-da yaşca ən gənc üzvdür. Ən yaşlısı isə "Neftçi”də və milli komandada baş məşqçi olmuş Kazbek Tuayevdir. Tuayevin hazırda 76 yaşı var.
Digər yeni üzvü, xarici işlər naziri Elmar Məmmədyarovun seçilməsi ilə də ilkə imza atılıb. Bunadək həmin qurumda nazir olmayıb. Elmar Qasımov təhsil nazirinin müavini olanda İK-ya üzvü seçilib. Firudin Qurbanov sonradan Qasımovu həm təhsil nazirinin müavini postunda, həm də İK-da əvəzləyib.
Qeyd edək ki, Qurban Qurbanov futbolçu karyerası dövründə milli komandada vurduğu 14 qolla hələ də bombardirdir. O, Azərbaycan klubunu ardıcıl iki il qrup mərhələsinə (2014 və 2015-ci illərdə Avropa Liqasında) çıxaran ilk mütəxəssisdir.