"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov kapitan Rəşad Sadıqovu "Sumqayıt”la matçda oynatmamağına aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin zədəsi olduğu üçün risk etmədiyini bildirib.
O, Sadıqovun meydanın kənarında qeydlər aparması haqda da düşüncələrini bölüşüb: "Bildiyimiz kimi, Rəşad AFFA-nın məşqçilər kursuna qatılıb. Ola bilər ki, kurs rəhbəri Aslan Kərimov ona tapşırıqlar veribmiş və Sadıqov bu üzdən oyunla bağlı qeydlər aparırdı. Sabah imtahanı olacaq. Mənə Rəşadın hansı qeydlər aparması indi yox, imtahandan sonra maraqlıdır və bunu özündən soruşacağam. Hələliksə ona imtahanda uğurlar arzulayıram”.
Qurbanov Sadıqovdan futbolçu kimi əl çəkmək fikrində olmadıqlarını bildirib: "Biz sizlərdən fərqli olaraq elə düşünmürük ki, Rəşad yaxın vaxtlarda futbolçu karyerasını bitirəcək. O, milli komandamızda daha bir seçmə mərhələdə oynamağa qərar verib. Bu da onun peşəkarlığını göstərir. Biz Rəşaddan ən azı 2 il əl çəkmək fikrimiz yoxdur. Mən özüm də 31 yaşında məşqçiliyə başlamağa hazırlaşırdım".