Azərbaycan Premyer Liqasında üçüncü dövrə sona yaxınlaşır. Sportnet.az-ın məlumatına görə, milli komandanın Qazaxıstan yığması ilə yoldaşlıq görüşü ilə əlaqədar çempionatda yaranan 10 günlük fasilə öncəsi baş tutan 26-cı tur ilk növbədə məhsuldarlığı ilə diqqət çəkib.
Təsadüfi deyil ki, cari çempionatda ən çox qol da məhz bu turda qeydə alınıb.
18 qoldan cəmi 4-nə legionerlər imza atıblar
Milli bayramımız olan Novruzun gəlişi azərbaycanlı futbolçuları yaman fəallaşdırıb. Gəlin nəzər salaq, ən çox qolun qeydə alındığı "Zirə” – AZAL matçında (4:2) 6 qoldan 5-ni yerli oyunçular vurublar. Fərqlənən yeganə legioner meydan sahiblərinin serbiyalı müdafiəçisi Yovan Krneta olub. Digər məhsuldar matç olan "Neftçi” – "Kəpəz” oyununda (2:3) da özümüzünkülər 5 dəfə fərqləniblər. Fərq ondadır ki, "Bakcell Arena”da tabloda yalnız azərbaycanlı futbolçuların ad və soyadları göstərilib. "Rəvan” – "Sumqayıt” matçında (1:2) da bütün qollara yerlilər imza atıblar. Düzdür, "Rəvan”ın müdafiəçisi Saşa Yunisoğlu qapıları səhv salaraq avtoqola imza atıb.
Turun mərkəzi oyunu olan "Qəbələ” – "Qarabağ” matçında legionerlər öz sözlərini deyə biliblər. Estoniyalı hücumçu Sergey Zenyov uzun fasilədən sonra qol sevinci yaşayıbsa, ispan yarımmüdafiəçi Migel Madera ardıcıl 2-ci turdur fərqlənib. Hər halda, burada da qələbə topunun müəllifi öz futbolçumuz, bu mövsüm artıq 3 dəfə fərqlənən "Qarabağ”ın 19 yaşlı yarımmüdafiəçisi Mahir Mədətov olub. "Xəzər Lənkəran” – "İnter” oyununda yeganə qolun müəllifinin qonaqların gürcü yarımmüdafiəçisi Nika Kvekveskiri olduğunu nəzərə alsaq, legionerlər bu turda cəmi 4 qol vurublar. Bu isə çempionatda "at oynadan” əcnəbilər üçün çox aşağı göstəricidir.
Daha bir maraqlı məqam müdafəçilərin fəallığı ilə bağlıdır. Belə ki, arxa xətt oyunçular son turda az qol vurmayıblar. Ruslan Tağızadə ilə Turlan Axundov penaltidən fərlqəniblər, Şəhriyar Rəhimov isə gözəl qola imza atıb. Yeri gəlmişkən, Tağızadə ardıcıl 2-ci turdur rəqib qapısına yol tapıb. Avtoqol edən Yunisoğlu da müdafiəçidir.
"Qəbələ”nin gümüş medal şansı da azalır, "Zirə"nin Bonilyasız növbəti çətin sınağı
"Qəbələ”ni "Qarabağ”dan ev məğlubiyyəti çempionluq iddiasından əl çəkməli olması ilə barışdırıb. Hər halda, liderlə xal fərqi artıq 16-ya yüksəlib və bunun 10 tura aradan qaldırılması çox çətin məsələdir. Üstəlik, Roman Qriqorçukun komandası 3-cü pilləni də əldən verib. "İnter”lə "Kəpəz” qazandıqları səfər qələbələri ilə "Qəbələ”ni arxada qoyublar. Əslində, "Qəbələ” bu 2 komandanı böyük xal fərqi ilə qabaqlayırdı, hətta "Zirə”yə yaxınlaşmışdı. Ancaq evdə məğlub olduğu son 2 turda "İnter”lə "Kəpəz”in qazandığı qələbələr vəziyyəti dəyişdirdi. Hazırda Roman Qriqorçukun komandası 2-ci yerdə gedən "Zirə”dən 9 xal geri qaldığından, gümüş medalçı olmaq şansı da azalıb.
"Zirə” isə "Qarabağ”la 7 xallıq fərqi hələ ki qoruyub saxlaya bilib. "Qəbələ”nin çempionluq marafondan uzaqlaşması ilə Qurban Qurbanovun komandasının yalnız bir rəqibinin qaldığını deyə bilərik. Ancaq debütantın bu mübarizədə nə qədər tab gətirəcəyi sual doğurur. Hər halda, "Zirə”yə AZAL-la ev oyununda qələbə çətinliklə başa gəlib. Düzdür, nəinki komandanın, Premyer Liqanın bombardiri olan Nelson Bonilyanın yoxluğu öz sözünü deyib. Salvadorlu hücumçu cəza üzündən komandasına kömək edə bilməyib. Ancaq "Zirə”ni növbəti turda da Bonilyasız çətin sınaq gözləyir. Çünki Nelson milli komandasına rəsmi oyunlara çağırılıb və zirəlilər bu dəfə Gəncədə "Kəpəz”lə daha çətin qarşısında olacaq.
"Qarabağ”i sə növbəti turda evdə autsayder "Rəvan”la asan sınaq gözləyir. Yəni ilk dövrənin son turunda liderlə ən yaxın izləyicisi arasında xal fərqinin artması çempionluğun böyük ölçüdə "Qarabağ”ın xeyrinə həll olunduğu demək olacaq. İstənilən halda, çempionluq intriqası hələ dördüncü dövrə başlamamış azalıb.
"Neftçi” ardıcıl 3-cü mövsüm medalsız qalır
"Neftçi”nin Premyer Liqada uğursuzluğu Vəli Qasımovun baş məşqçiliyi vaxtında da davam edir. "Ağ-qaralar” artıq 5 turdur qələbə üzünə həsrət qalıblar. Nəticədə mükafatçılarla xal fərqini getdikcə artırdığından, belə gedişlə "Neftçi” ardıcıl 3-cü mövsüm medalsız qalmalı olacaq.
Turnir cədvəlinin son pillələrində vəziyyət dəyişməyib. "Xəzər Lənkəran”la "Rəvan” qış fasiləsindən sonra çempionatda hələ də qalib gələ bilmirlər. "Sumqayıt” ara-sıra qələbə qazansa da, onun nə aşağı düşmək təhlükəsi var, nə də avrokuboklara düşmək iddiası qalıb.