Azərbaycan Premyer Liqasının XXVI turunun "Neftçi” ilə qarşılaşması "Kəpəz” üçün ikiqat əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, qərblilər paytaxt klubu ilə oyunlarda qələbəsiz oyunlar seriyasına son qoyub.
Gəncə təmsilçisi "ağ-qaralar”ı ölkə çempionatında sonuncu dəfə 2005-ci il sentyabrın 18-də məğlub etmişdi. 3835 günlük həsrətə son qoyan "Kəpəz” həmin qələbəsini də səfərdə, Şahin Diniyevin baş məşqçiliyi altında qazanmışdı. Həmin 2:1 hesablı qələbədən sonra keçirilən 9 oyunda gəncəlilər 3 heç-heçə edib, 6 məğlubiyyət almışdı.
"Neftçi” üzərində qələbə həm də yubileylə əlamətdar olub. "Kəpəz” ölkə çempionatları tarixində 250-ci qələbəsinə sevinib. 1992-ci ildən fasilələrlə Premyer Liqada çıxış edən qərblilər 250-yə 508-ci matçında çatıb. "Kəpəz” 163 dəfə evdə, 83 dəfə səfərdə, 4 dəfə neytral meydanlarda 3 xal əldə edib. Yubilyar klub qələbə sayında "Turan”a çatıb. Hər iki Qərb klubu bu göstəricidə yalnız "Neftçi” və "Qarabağ”dan geri qalır.









































































