"Maykl Essyenin "Qarabağ” variantı haqda yazılanlardan məlumatsızam. Bunu ilk olaraq sizdən eşidirəm. Hesab edirəm ki, Esyyen haqda deyilənlər şayiədir”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl bildirib. Onun sözlərinə görə, "Panatinaikos”un ulduz futbolçusu Maykl Essyenin trasferində maraqlı olmaları ilə bağlı Yunanıstan mətbuatında yazılanlar həqiqətəuyğun deyil: "Onsuz da heyətlə bağlı məsələlərlə, kimlərlə yolumuzu davam edib-etməməklə bağlı mövsüm başa çatmamış heç baş məşqçimiz bizimlə danışıqlar aparmır. Essyenin adının "Qarabağ” ətrafında hallanmasında bir çox səbəblər ola bilər. Əsas odur ki, bizim belə bir planımız, belə bir variantımız yoxdur".
Çəlikəl "Qarabağ”da transfer məsələlərində söz sahibliyinin yalnız baş məşqçiyə məxsus olduğunu bildirib: "Qurban Qurbanov futbolçularla bağlı seçim edir. Bundan sonra biz həmin transferləri həyata keçiririk. Gündəmimizdə olmayan futbolçu haqda bizdən fikir öyrənilirsə, onun yaxşı, pis, yaşlı futbolçu olması və ya başqa mənada bir şey deyə bilmərik. Mövsüm başa çatmamış futbolçularımızın motivasiyasını aşağı salmamaq, öz işimizin daha məqsəduyğun olması üçün baş məşqçi ilə söhbətimiz olmur”.